Rəsmi Bakı: “İrəvan dəvəquşu siyasəti aparmaq istəyir”
06 Oktyabr 2010 Çərşənbə 12:15
Azərbaycan XİN-in sözçüsü İrəvanın bəyanatlarını cəfəngiyat adlandırıb.
Rəsmi Bakı Ermənistan rəhbərliyinin Azərbaycanın İrəvandan fərqli olaraq, Madrid prinsiplərini qəbul etməməsinə və rəsmi Bakının münaqişənin həllində yaranmış status-kvonu saxlamaqda maraqlı olmasına dair bəyanatını cəfəngiyat adlandırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov ANS-ə müsahibəsində bildirib ki, belə bəyanatlar verməklə İrəvan dəvəquşu siyasəti aparmaq istəyir.

“Bunlar gülünc bəyanatlardır. Köçəryan belə ifadələrlə özünü dəvəquşuna oxşadır, yəni başını qumun altında gizlədərək hesab edir ki, dünya ictimaiyyəti onun danışdıqlarını və səsləndirdiyi fikirləri anlamır"- deyə Elxan Poluxov bildirib.

XİN rəsmisi qedy edib ki, Ermənistan sadəcə olaraq reallıqdan qaçmağa çalışır: Bugünki gündə danışıqların formatı ondan ibarətdir ki, üç həmsədr ölkə tərəfindən münaqişənin həllinə dair hazırlanmış sənəd Azərbaycan və Ermənistana təqdim olunub. Hətta burada həmsədr ölkələrin prezidentlərinin fikirləri öz əksini tapıb. Bu sənəd Azərbaycan və Ermənistan tərəfindən aparılan gərgin danışıqlar nəticəsində tərtib olunub və bu sənədi kənara qoyaraq digər format və formalarda işgüzar təklifləri çıxarıb əsas götürməklə Ermənistan sadəcə olaraq reallıqdan qaçmağa çalışır. Və öz nüfuzunu ortaya qoyan üç həmsədr ölkənin prezidentlərinin fikirlərinə hörmətsizlik nümayiş etdirir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar