Rəsmi Bakı Ermənistanı ifşa edəcək fotosənədlər hazırlayır
27 Oktyabr 2010 Çərşənbə 11:10
Novruz Məmmədov: “Ermənilərin işğal olunmuş ərazilərdə törətdiyi dağıntılar yeni faktlarla sübut ediləcək”.
Rəsmi Bakı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində dağıntılar törətməsini sübut edən yeni faktları dünya ictimaiyyətinə təqdim edəcək. Bu barədə Prezident Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

“Biz ölkəmizin xarici dövlətlərdəki səfirliklərinə onlar tərəfindən yayılması üçün Azərbaycanın işğal altında olan ərazilərində dağıntılar əks olunan fotoalbom təqdim edəcəyik”, - deyə N.Məmmədov bildirib.

“Bu və ya digər dərəcədə bizim orada baş verən proseslər barəsində məlumatımız var, bilirik ki, orada hər şey dağıdılıb. İndi bütün dünya ictimaiyyəti özünü dünya sivilizasiyasının bir hissəsi hesab edən Ermənistanın son 20 ildə o ərazilərdə hansı vəziyyəti yaratmasını görəcək”, - deyə o bildirib.

N.Məmmədov qeyd edib ki, dünya birliyinə həmçinin, Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik bitkilərin əkilməsi və tranziti üçün istifadə edilməsi ilə bağlı faktlar da təqdim olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar