Rəşid Hacılı: “Ermənistan cəmiyyətində güzəşt ruhu görünmür”
15 İyul 2010 Cümə Axşamı 16:25
Azərbaycanlı jurnalistlər Ermənistandan qayıtdılar.
"Sıravi ermənilərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı güzəşt əhvalı yoxdur". Bunu İrəvandan səfərdən qayıdan Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı ANS PRESS-ə açıqlamasında bildirib.

Qeyd edək ki, bir neçə gün öncə bir qrup Azərbaycan jurnalisti İrəvana gedib. Səfərdə beş azərbaycanlı jurnalist iştirak edib: telejurnalist Qulu Məhərrəmli, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı, AzTV-nin əməkdaşı Asəf Quliyev.

R.Hacılı seminar müddətində hər hansı rəsmi, yaxud qeyri-rəsmi görüşlər keçirmədiklərini deyir. Ancaq onun sözlərinə görə, səfərdə iştirak edən jurnalistlər Ermənistan cəmiyyətinin Azərbaycanla, Dağlıq Qarabağla bağlı nə düşünməsi ilə əlaqədar sorğu keçiriblər. Nəticədə bəlli olub ki, sıravi ermənilərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı güzəşt əhvalı yoxdur: “Bizim bu məsələyə münasibətimiz onların münasibəti ilə müqayisədə çox yumşaqdır. Onlar isə əvvəlki sərt mövqelərində qalmaqda davam edirlər. Şübhəsiz sülh olmasını istəyirlər. Bu da başa düşüləndir. Əvvəla ona görə ki, qalib gəlmiş tərəf öz maraqlarına uyğun sülhə tələsir. İkinci tərəfdən, Ermənistanın iqtisadi durumu hamıya bəllidir. Bütün layihələrdən kənarda qalıb. Ancaq hansısa güzəştə getmək fikirləri də yoxdur”.

R.Hacılı onu da dedi ki, mətbuatın durumunu müqayisə edən zaman Ermənistanla Azərbaycan arasında oxşarlığın daha çox olduğu üzə çıxır: “Çap mətbuatı ilə bağlı durum daha çox oxşayır. Qəzetlərin tiraj sayı azdır, reklam gəlirləri yox səviyysəindədir. Elektron KİV-lə bağlı müqayisə aparsaq, onlarda regional telekanalların sayı bir az çox idi. Ancaq məzmunca elə də ciddi fərq yoxdur. Kanalların hamısı, o cümlədən ictimai televiziya da hakimiyyətin nəzarəti altındadır. Bununla bağlı da Ermənistan cəmiyyətində ciddi narazılıq var”.

Qeyd edək ki, azərbaycanlı jurnalistlər İrəvanda "Qafqazda informasiya azadlığı" beynəlxalq konfransına qatılıblar."Qafqazda informasiya azadlığı" beynəlxalq konfransı ikinci ildir Amerikanin Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü, Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və ABŞ-dan olan jurnalistlərin iştirakı ilə keçirilir. Əvvəlki konfrans Tiflis şəhərində olub. Tədbirin gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.

O bildirib ki, informasiya azadlığını müdafiəsi ilə bağlı media nümayəndələrindən ibarət regional şəbəkə var və toplantıya da bu şəbəkənin üzvləri qatılıb: “Regional şəbəkəyə Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistandan olan, informasiya azadlığı istiqamətində çalışan jurnalistlər və qeyri-hökumət təşkilatı təmsilçiləri daxildir. Şəbəkə üzvləri ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin dəstəyilə layihələr həyata keçirirlər. Hər il ölkələrin birində görüş təşkil edilir və birgə əməkdaşlıq çərçivəsində işlər görülür.

Toplantıda adətən hər il eyni şəxslər olur. Lakin kimsə tədbirə gələ bilməyəndə onun başqası ilə əvəz edilməsi də mümkündür. Bu iş davam edir və əməkdaşlıq sadəcə, birgə toplantıdan ibarət deyil. Şəbəkənin genişləndirilməsi, birgə müəyyən layihələrin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarlar növbəti konfransa kimi reallaşdırılacaq. Növbəti konfransın Bakıda keçirilməsi nəzərdə tutulur. Həmin tədbirə Bolqarıstan, Türkiyə, Ukrayna, Moldovadan olan mütəxəssislərin və bir neçə beynəlxalq təşkilatın cəlb edilməsi də planlaşdırılır”.

Rəşid Hacılı azərbaycanlı jurnalistlərin İrəvanda mehmanxanada qaldıqlarını, onların təhlükəsizliklərinin yüksək səviyyədə təmin edildiyini də bildirib. Bu səbəbdən hər hansı problemlə qarşılaşmayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar