Rəşid Əliyev azadlığa buraxılıb
12 Avqust 2010 Cümə Axşamı 00:05
İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyev azadlığa buraxılıb. Bu barədə APA-ya Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, “Lazer” Elmi Texniki Mərkəzin direktoru Soltanhəmid Məlikov məlumat verib.
Komitə sədrinin sözlərinə görə, R. Əliyev avqustun 11-i axşam saatlarından həbsdən azad edilib. Hazırda Azərbaycanın İrandakı səfirliyində saxlanılan alimin sabah vətənə qayıdacağı gözlənilir.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.
Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.
R. Əliyev lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunurdu. Bir müddət əvvəl isə İran məhkəməsinin qərarı ilə R. Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. APA
DOSTLARINLA PAYLAŞ: