Rasim Musabəyov: "Həmsədrlər özləri də fantaziyalarının tükəndiyini bildirir"
23 Yanvar 2010 Şənbə 21:35
Rasim Musabəyov: "Soçidə həll yolu tapılmasa, Madrid prinsiplərinin üstündən xətt çəkmək olar"
Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün diqqətlər yanvarın 25-də keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə cəmlənib. Ekspertlərin fikrincə, üçtərəfli görüşdə hansısa nəticənin əldə olunması, Madrid prinsiplərinin tam razılaşmasından keçir.

Azərbaycanda prezidentlərin Soçi görüşündə münaqişənin həlli üçün zəmin yaranacağına ümidvardırlar. Prezident Adminstrasiyasının rəsmisi Novruz Məmmədov bütün bunların fonunda Ermənistan rəhbərliyinin müəyyən mənada sağlam düşüncə ilə hərəkət edəcəyinə və münaqişənin həlli üçün hansısa addımlar atacağına ümid edir.

Ekspertlərin fikrincə, Rusiya prezidenti Dmitri Medvedevin də iştirakıyla keçiriləcək Ermənistan Azərbaycan prezidentlərinin növbəti görüşü ilə bağlı ciddi hazırlıqlar görülüb. Politoloq Rasim Musabəyovun sözlərinə görə, bu görüş digərlərindən fərqli olaraq hər hansı toplantı çərçivəsində keçirilmir. Görüş ərəfəsində Lavrovun Ermənistana səfəri, Ermənistan rəhbərliyinin Moskva görüşləri onu göstərir ki, ciddi hazırlıq işləri görülüb. Danışıqlarda hansısa nəticə isə Madrid prinsiplərinin razılaşmasından keçir.

"Artıq o prinsipləri dəyişmək mümkün deyil. Həmsədrlər özləri də fantaziyalarının tükəndiyini bildirir. Madrid prinsipləri əsasında çərçivə sazişi imzalanmalıdı. Bu saziş imzalandıqdan sonra hər hansı iş görülə bilər. Əgər Soçidə həll yolu tapılmasa, Madrid prinsiplərinin üstündən xətt çəkmək olar",-deyə Rasim Musabəyov bildirib.

Politoloq Xaləddin İbrahimli isə hesab edir ki, Rusiyanın vasitəçiliyi ilə aparılan növbəti görüşdə rəsmi Moskva Ermənistanın əleyhinə heç bir addım atmayacaq. “Burada hər hansı həlldən söhbət getmir. Rusiya Ermənistanın maraqlarına zidd addımlar atmağa çətinlik çəkir. Amma ilkin mərhələdə statusunu qorumaq üçün nəsə irəliyə doğru addım ata bilər”,-deyə politoloq əlavə edib.

Qeyd edək ki, artıq Soçidəki görüşdə iştirak edəcək hər üç ölkənin dövlət rəsmiləri yanvarın 25-nə nəzərdə tutulan müzakirələrlə bağlı münasibətlərini açıqlayıb. Görüşdən əvvəl regionda səfərdə olan həmsədrlər isə öz ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulunda Akvillada verdikləri təkliflərə uyğun olaraq Madrid sənədinin yenilənmiş variantına dair baza prinsiplərinə son redaktələrini Ermənistan prezidenti Serj Sarkisyana təqdim ediblər.

Minsk Qrupu ölkələrindən fərqli olaraq erməni tərəfi Soçi görüşünə nikbin yanaşmır. Hələ ötən gün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirdiyi mətbuat konfransında 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan sıçrayış gözləmədiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar