Rasim Musabəyov: "Ermənistan prezidenti çox şey istəyə bilər..."
23 İyul 2010 Cümə 17:50
Rasim Musabəyov: "Ermənilər istəyir ki, Dağlıq Qarabağ Ermənistana verilsin və bundan sonra ətraf rayonların qaytarılmasının müzakirəsinə başlanılsın".
“Yenilənmiş Madrid prinsipləri bir il bundan qabaq Yunanıstan paytaxtı Afinada ATƏT-in toplantısında Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistan və Azərbaycana təqdim edilib. Bu sənəd rəsmi xarakter daşıyır. Ancaq Sankt-Peterburqda Rusiya prezidenti tərəfindən irəli sürülən təkliflər yalnız bu ölkənin mövqeyi ola bilər. Bu təkliflər Minsk qrupunun mövqeyi deyil. Rusiya prezidenti də çox şey istəyə bilər, Ermənsitan prezidenti də. Doğrudur, bu təklifin mahiyyəti açıqlanmayıb. Biz də istərdik ki, Sankt-Peterburqdakı danışıqlar problemin tez və ədalətli həllinə kömək etsin”. Bu fikirləri Ermənistan rəsmilərinin son günlər “Dağlıq Qarabağ probleminin həlli üçün Sankt-Peterburq danışıqlarında ortaya qoyulan təkliflər ətrafında müzakirələr davam etməlidir. Ancaq Azərbaycan tərəfi bunu istəmir” kimi bəyanatlarını ANS PRESS-ə şərhində politoloq Rasim Musabəyov söyləyib. Politoloq onu da deyib ki, ermənilər istəyir Dağlıq Qarabağ Ermənistana verilsin və bundan sonra ətraf rayonların işğaldan azad edilməsinin müzakirəsinə başlanılsın. “Bu isə qeyri-mümkündür”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvarda Nalbandyan bildirib ki, bu gün Dağlıq Qarabağ məsələsində çox şey Azərbayсanın Almatıda səsləndirilən çağırışlara neсə reaksiya verəсəyindən asılıdır. Qarabağ problemi üzrə “dekabr təkliflərinə” müraciət edən Nalbandyan bunları deyib: “Reallıq ondan ibarətdir ki, 2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərə Madrid sənədini təklif ediblər və bu, rəsmi təklif qismində ATƏT-in Vyanada yerləşən Katibliyinə təqdim olunub. Bundan sonra Madrid sənədləri əsasında 20-dən artıq işgüzar təklif irəli sürülüb. Azərbaycan bəyan edəndə ki, bəzi düşəlişlərlə 2009-cu ilin dekabrında edilən işgüzar təklifləri qəbul etməyə hazırdır, məlum oldu ki, bu istisnalar Azərbaycanın qəbul etdiyi hissələrdən daha çoxdur. Bu gün azərbaycanlılar bir tərəfdən deyir ki, Rusiyaya minnətdardırlar və onun səylərini qiymətləndirirlər, digər tərəfdən isə Sankt-Peterburq görüşünün əhəmiyyətini sual altına qoyurlar”.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib ki, Sankt-Peterburqda edilən təkliflər yalnız və yalnız işçi xarakter daşıyır: "Sankt-Peterburqda olan təkliflərin ümumi qaydada qəbul olunması danışıqlar prosesinin ideologiyasını, ab-havasını tamamilə dəyişə və altı il ərzində yaradılmış bu kövrək struktura çox böyük zərbə vura bilər". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: