Ramil Usubov: Müxalifət 1988-1993-cü ilin eyforiyasından azad ola bilmir
02 İyul 2011 Şənbə 12:21
Daxili işlər naziri Ramil Usubov ictimai asayişin pozulmasına imkan verməyəcəyini bildirib.
"Radikal müxalifət partiyalarının son aylarda paytaxtın müxtəlif yerlərində ictimai asayişi pozmağa cəhdləri, əslində, xuliqanlıq hərəkətləri və siyasi avantüradır". Azərbaycanın daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində belə deyib.

"Belələri hər dəfə ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, nəqliyyatın normal fəaliyyətini pozur, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərirlər. Radikal müxalifət illərdir ki, boş hay-küy salır, 1988-1993-cü ilin eyforiyasından hələ də azad ola bilmir, gerçəkliyi heç cür qəbul etmək istəmir. Reallıq isə onların hər seçkidə üzləşdikləri sarsıdıcı məğlubiyyət, ictimai dəstəyi tamamamilə itirmələridir. Ona görə də bu gün bir qrup siyasətbazın dedi-qodusuna ciddi əhəmiyyət verməyə əsas yoxdur. Kimin-kim olduğunu aydın dərk edən xalq artıq Heydər Əliyev siyasi kursuna alternativ görmür, Prezident İlham Əliyevi özünün yeganə güvənc ünvanı qəbul edir", deyə nazir əlavə edib.

Ramil Usubovun sözlərinə görə, daxili işlər orqanlarının bütün şəxsi heyəti də bu reallığı görür və ürəkdən qəbul edir: "Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik. Polis ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasının, Azərbaycan xalqının və möhtərəm Prezidentin sadiq əsgəridir". anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar