Ramil Səfərovun Vətənə ekstradisiyasına kim mane olur?
14 Dekabr 2011 Çərşənbə 21:49
Ekspertlər hesab edir ki, Azərbaycanla Macarıstan arasında ekstradisiya razılaşmasının imzalanması çətin məsələdir.
Azərbaycan bayrağını təhqir etdiyinə görə, erməni zabitini öldürən Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərov cəzasının qalan hissəsini Azərbaycanda çəkə bilər. Rəsmi Bakı bu danışıqların iki ölkə arasında aparılan danışıqların yekunundan asılı olacağı qənaətindədir. Macarıstanda ömürlük həbsə məhkum olunmuş zabit Ramil Səfərovun Azərbaycana gətirilməsi üçün iki ölkə arasında ekstradisiya haqqında razılaşma olmalıdır. Ali Məhkəmənin sədri Ramiz Rzayev hesab edir ki, məsələ hüquqi müstəvidə həll edilməlidir.

Ekspertlər isə hesab edir ki, Azərbaycanla Macarıstan arasında ekstradisiya razılaşmasının imzalanması, xüsusən də Ramil Səfərovun Azərbaycana gətirilməsi çətin məsələdir. Bu xüsusən də prosesə Ermənistan tərəfinin mane olması ilə bağlıdır.

Vəkil Adil İsmayılov deyir ki, Azərbaycanın da, Macarıstanın da qoşulduğu beynəlxalq konvensiya var: “Məhkum olunmuş şəxs cəza çəkmək üçün öz ölkəsinə qaytarıla bilər. Məsələ ondadır ki, həmin şəxs öz dövlətinə qaytarılandan sonra Macarıstanda verilən cəzanı öz ölkəsində çəkməlidir. Axıra qədər nə əfv, nə amnistiya ola bilməz. O mənada, macarlar onu verməkdə tərəddüd edirlər. Yəni erməni tərəfi məsələni belə qoyur ki, Ramil Səfərov Azərbaycana qayıdarsa cəza çəkməyəcək, buraxılacaq”.

Xatırladaq ki, 34 yaşlı Ramil Səfərov 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən təlimi zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar