Ramil Səfərovun istintaq ifadəsi yayılıb
06 Mart 2013 Çərşənbə 12:23
Qurgen bayrağımızı ələ salaraq deyirdi: Qırmızı rəng bizim tökdüyümüz qandı, yaşıl rəng isə otun rəngidir, onlar qoyundurlar axı...
ANS PRESS-in məlumatına görə, vesti.az saytı erməni hərbçisini öldürdüyünə görə Macarıstanda 8 il məhbus həyatı yaşayan Azərbaycan zabiti Ramil Səfərovun istintaq materiallarını dərc edib. Dərc olunan istintaq materiallarında məhkəmə-tibb ekspertizasının 3 rəyi də var. Psixiatorların iştirakı ilə 2004-cü ilin fevralında rus dilində keçirilən ekspertizanın rəyinə görə, R.Səfərov Q.Marqaryanı öldürəndə anlaqlı olub. Rəydə o da bildirilir ki, Ramil rus dilində pis danışır və fikirlərini yaxşı ifadə edə bilmir. Bundan sonra 2005-ci ildə Ramili daha iki dəfə tibb ekspertizasından keçiriblər. Bu dəfə Ramilin yaxşı bildiyi türk dilində. İkinci ekspertiza birinci ekspertizanın rəyini təsdiq edib. Nəhayət, sonuncu ekspertizada təsdiq olunub ki, R.Səfərov olayı törədəndə müharibədə yaşadığı dəhşətlərin təsiri altında olub.

Məqalənin ən maraqlı bölümü Ramilin məhkəmədə verdiyi ifadədir. Budapeşt məhkəməsində Ramil yaşananları belə anladıb: “Ermənilər kəndimizə hücum edəndə məni oradan təcili tibbi yardım maşınında çıxardılar. 14 yaşım vardı. Məni anam yola salırdı (Ramilin anası xəstəxanada tibb bacısı işləyib), ancaq mən onu qucaqlaya da bilmədim - onun üst-başı tamam qan içində idi. Məni kənddən çıxaran təcili yardım maşınını meyitlərlə doldurmuşdular. İçəridə tərpənə bilmirdim. İndi də avtobusa, ya qatara bilet alanda iki ədəd alıram ki, yanımda heç kəs oturmasın. Mənə hələ də elə gəlir ki, o meyitlər mənə toxunur. Bizim evimiz təpədə yerləşirdi və ermənilər həmin istiqaməti davamlı atəşə tuturdular. O zaman da mən yuxumu tamamilə itirmişdim - heç yata bilmirdim. Son vaxtlar da mən çox pis yuxular görürəm, təlaşla yuxudan ayılıram - həmin vaxtlar mənim ürəyim bərk ağrıyır və ürəkbulanmam olur, mən yatmaqdan qorxuram. Türkiyədə hərbi təlimlərdə olarkən bu problemə görə hərbi həkimlərə müraciət etmişdim və onlar mənə əsəb pozğunluğunu müalicə edən dərmanlar təyin etmişdilər...

İşğala qədər mən həyatsevər gənc idim - musiqi ilə məşğul olurdum, şəkil çəkirdim, sinif nümayəndəsi idim. Hərbi əməliyyatlar başlayandan sonra isə mən davamlı qorxu içərisində yaşamağa başladım. Ancaq qorxularım haqqında heç kimə heç nə demirdim, düşünürdüm ki, məni anlamazlar. Hərbçi olmağı, düşmənlərlə mübarizə aparmağı qarşıma məqsəd qoymuşdum. Mən ancaq bu haqda düşünürdüm - musiqi, idman, sevgi, maddi təminat məni maraqlandırmırdı... Budapeştə təlimə gələndə mən dərk edirdim ki, Vətənimi təmsil edirəm, nümunəvi olmaq üçün səy göstərirdim. Ancaq burada dərhal problem yarandı, məlum oldu ki, kurslarda Ermənistandan iki zabit var - Qurgen Marqaryan, Ayk Mukuçyan. Kursantlardan heç biri ilə problemim yox idi. Ancaq ermənilərin orada olması məndə gərginlik yaradırdı. Bir neçə gün sonra bizim aramızda toqquşmalar başladı. Bizim yanımızdan keçəndə onlar bərkdən gülür, bizə söz atır, ermənicə söyüş söyürdülər, mən onların nə dediyini anlayırdım. Bir dəfə bizi Keçkemet şərab zavoduna ekskursiyaya aparmışdılar. Mən ümumiyyətlə içmirəm, ermənilər isə xeyli içmişdilər. Qayıdanda mən avtobusda qabaq oturacaqlardan birində oturmuşdum. Marqaryan avtobusa mindi və yanımdan keçəndə başıma çırtma vurdu. Öncə düşündüm ki, bu təsadüfdür və o, üzr istəyəcək. Ancaq Qurgen bir addım keçən kimi mənə ermənicə ana söyüşü söydü.

Növbəti gün mən əlimdə dəftər koridorda dayanmışdım. Haradansa Qurgen peyda oldu, mənim yanımdan keçəndə dedi ki, indi yazı yazmaq vaxtı deyil, gedin, heç olmasa, döyüşün. Mən cavab vermədim, kurslarda mənasız konflikt yaratmaq istəmədim. Bir neçə gün sonra Xorvatiyadan olan mayorla dəhlizdə söhbət edəndə Marqaryan yenə bizim yanımızdan keçirdi. O, əlindəki basketbol topunu nümayişkaranə şəkildə bizim aramızdakı divara çırpdı və yoluna davam etdi.

Fevralın ilk günlərində bizimlə kurslarda olan litvalı zabitin ad gününü qeyd edirdik. Biz ona Azərbaycan bayrağının və Qız qalasının təsviri olan brelok bağışlamışdıq. Fevralın 16-da Qurgen həmin litvalı zabitlə bizim bayrağımızın rənglərini müzakirə edirdi. Qurgen bayrağımızı ələ salaraq litvalı zabitə deyirdi: “Bu qırmızı rəng bizim tökdüyümüz qandı, yaşıl rəng isə otun rəngidir, onlar qoyundurlar axı, otu xoşlayırlar”. Çox əsəbləşmişdim, ancaq özümü saxladım, onlara yaxınlaşmadan çıxıb getdim.

Qərara gəlmişdim ki, bu haqda komandir Zoltana deyim. Mən və digər azərbaycanlı kursant Zoltanın yanına gəlib onu başa salmağa çalışdıq.

Mən dedim ki, Marqaryan bizim müqəddəs saydığımız bayrağımızı təhqir edib. Ancaq komandir məni anlamadı. Görünür, o zaman mənim ingiliscəm zəif idi. Zoltan dedi ki, narahat olmayaq, yəqin bu, bir də təkrarlanmaz, əgər çox narahatıqsa yazılı şikayət edə bilərik. Biz düşündük ki, bu, bizə yaraşmaz.

Çox əsəbi olmuşdum. Eyni otaqda qaldığım kursant da ölkəsinə qayıtmışdı - anası rəhmətə getmişdi. Mən yata bilmirdim və hiss edirdim ki, uşaqlıqdakı kimi psixoz başlayır. Məni vahimə basırdı. Səhər yataqdan güclə qalxdım, öncə komandirin yanına getmək istədim. Sonra düşündüm ki, ikinci dəfə getməyinə dəyməz. Kitabxanaya gəldim - Xocalı soyqırımı ilə bağlı təqdimat hazırlayırdım, onu bitirmək istəyirdim. İşləyə bilmədim, həyəcanlanmağa başlamışdım.

Dostumun yanına getmək istədim, ancaq istəmədim o məni belə görsün. Şəhərə çıxdım, TESCO universamına getdim. Özümü müdafiə üçün balta almaq qərarına gəldim. Biz uşaqlıqda həmişə müdafiə üçün yastığımızın altında kəsici alət saxlayırdıq. Baltanı evə gətirdim, qapını bağlayıb yatağa uzandım.

Halım getdikcə pisləşirdi. Düşünürdüm ki, axı mən niyə qorxuram, axı mən əsgərəm, mən qorxuya qalib gəlməliyəm. Yenə Xocalı ilə bağlı təqdimatı yazmağa başladım - ancaq heç nə alınmadı. Koridora çıxıb siqaret yandırdım, bu vaxt Marqaryan mənə tərəf gəldi. Yanımdan keçəndə əlini divara çırpıb dedi: “Döyüşmək lazımdı, kitab oxumaq yox”. Otağıma gəlib duşun altına girdim. Su soyuq idi, ancaq bu mənə təsir etmirdi. Qulağıma səslər gəlirdi - bir səs mənə “get”, bir səs “getmə” deyirdi. Aradan xeyli keçdi. Sonra otaqdan çıxdım, onun otağına yaxınlaşdım. Qapının ağzında uzun müddət dayandım - girim, girməyim? Qurgen macar zabiti ilə eyni otaqda idi. Mən içəri girib işığı yandıranda Marqaryan yerindən qalxmaq istədi. Yenidən qulağıma həmin səslər gəlməyə başladı, məni soyuq tər basdı, qışqıraraq onu baltalamağa başladım. Bu zaman macar kursant yuxudan oyandı. Mən onu sakitləşdirib dedim ki, onunla heç bir işim yoxdu.

Sonra otaqdan çıxdım, koridorda yenidən qışqırmağa başladım. Səsimə özbək kursant çıxdı. Mən ondan ikinci erməninin hansı otaqda olduğunu soruşdum. Ancaq mən bilmirəm onu niyə axtarırdım. Saat 4.45 idi. (Şahid ifadələrində deyilir ki, Ramil digər erməninin olduğu otağın qapısını bir müddət döysə də içəridəkilər qapını açmayıblar.)

Sonra Azərbaycandan olan digər kursant dostumun yanına getdim. Birlikdə mənim otağıma qayıtdıq. Oturanda o, ağlamağa başladı. Yalnız onda aydın şəkildə dərk etdim ki, hər şeyi itirdim - ailəmi də, karyeramı da, həyatımı da. Ermənilər məndən onsuz da hər şeyimi almışdılar, indi isə belə bir iş də baş vermişdi...Sadəcə bunları demək istədim. Ümid edirəm ki, siz məni anlayacaqsınız".

Yada salaq ki, Ramil Səfərov ötən il avqustun 31-də Azərbaycana ekstradisiya olunaraq prezidentin xüsusi fərmanı ilə həbsdən azad olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar