Ramil Səfərovun Azərbaycana qayıtması yalnız prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində mümkün
31 Avqust 2012 Cümə 17:45
Şöbə müdiri Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsinin hüququ tərəflərini açıqlayıb.
Azərbaycan Respublikası Prezident Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Sahib oğlu Səfərov xüsusi reyslə Azərbaycana gətirilməsi və prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılmasına münasibəti bildirib. APA F. Ələsgərovun müsahibəsini təqdim edir.
- Ramil Səfərovun azadlığa çıxması bu barədə bir qədər ətraflı məlumat vermənizi istərdik.
- Bilirsiniz ki, Azərbaycan prezidenti cənab İlham Əliyev daim Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin təmin edilməsinə çalışır. Belə vətəndaşlarımızdan biri də Ramil Səfərovdur. Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib. Hökmə görə onun yalnız 30 il cəza çəkdikdən sonra şərti azadlığa buraxılması hüququ müəyyən olunmuşdur.
Bu gün saat 13.40-da Ramil Səfərov “Azərbaycan Hava Yolları” Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib və elə bu gün Azərbaycan prezidentinin sərəncamı ilə əfv edilib.
Ramil Səfərovun qaytarılması “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında həyata keçirilib. Azərbaycan bu sənədə 2000-ci ildə qoşulub.
Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar əksinin tapıb.
Konvensiyanın müddəalarına əsasən Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr qurulub və Ramil Səfərovun vətənə qaytarılması ilə bağlı intensiv danışıqlar aparılıb.
Uzun hazırlıq işinin nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə R. Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilib. Macarıstandan müsbət cavab alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin texniki məsələlərinin həlli üçün işə başlanılıb.
- Ramil Səfərovun verilməsi ilə bağlı Macarıstan tərəfi uzun müddət inad göstərib...
- Bəli, müəyyən problemlər vardı. Çünki proses elə əvvəldən siyasiləşdirilmişdi. Erməni lobbisi onun Azərbaycana verilməsinə ciddi mane olurdu. Qeyd etmək istərdim ki, bu müddət ərzində Ramil Səfərovun ölkəmizə verilməsi məsələsi daim Azərbaycan prezidentinin şəxsi nəzarətində olmuşdur. Bununla bağlı cənab prezident tərəfindən yüksək səviyyəli danışıqlar aparılıb, onun göstərişinə əsasən məsələnin həlli üçün bütün zəruri tədbirlər görülüb. Son nəticədə zabitimizin Vətənə dönməsi yalnız Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən dövlət başçısının siyasi iradəsi və beynəlxalq arenada şəxsi nüfuzu sayəsində mümkün olub.
- Ölkəmizdə bir çoxları həmin hökmü ədalətsiz sayırdı. Məhkəmə Ramil Səfərovun emosional vəziyyətini qiymətə almamışdı. Xüsusilə 77 nəfəri soyuqqanlı şəkildə qətlə yetirən Breyvikə verilən cəzanın yüngüllüyü ilə müqayisədə bu daha aydın görünür.
- Digər bir dövlətin ədalət mühakiməsi barədə fikir söyləmək istəməzdim. Ramil Səfərov həmin hadisənin başvermə kontekstini məhkəmə baxışlarında dəfələrlə söyləyib. Ramin Səfərov Ermənistanın işğalı altında olan Cəbrayıl rayonundandır. Məcburi köçkün həyatı yaşayıb. Bir çox yaxınlarını itirib və bu faciələr onun gözü qarşısında cərəyan edib, uşaqlıq yaddaşına həkk olunub. Azərbaycan Ordusunun zabiti kimi NATO tədbirlərinə qatılanda isə erməni zabitlərinin ona qarşı daimi provokasiyaları, Azərbaycan bayrağını və xalqını təhqir etməsi nəticəsində uşaqlığında bütün bu faciələri yaşamış bir insanın emosional vəziyyətini təsəvvür etmək olar. Həmçinin qeyd edilməlidir ki, Ramil Səfərovun vəkilləri məhkəmə prosesi zamanı onun müdafiə hüququnun pozulması ilə bağlı dəfələrlə vəsatətlər veriblər. Belə ki, istintaq zamanı ondan ifadələr yaxşı bilmədiyi rus dilində alınıb, ilkin dindirmə zamanı vəkillə təmin edilməyib, ittiham aktı isə türk dilində təqdim edilib. Vəkillər digər ciddi prosessual pozuntularla bağlı şikayət və vəsatətlər də veriblər.
- Ramil Səfərovun Bakıya gətirildiyi gün dövlət başçısı onun əfv edilərək cəza çəkməkdən azad olunması barədə sərəncam imzalamışdır. Bəs Konvensiyada verilmiş şəxsin əfv edilməsi mümkünlüyü ilə bağlı nə deyilir?
- “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə bilər, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər. Ramil Səfərov artıq cəzasının səkkiz ildən çoxunu çəkib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə edib.
Dövlət başçısının bu cəsarətli addımı onu göstərir ki, o, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı kimi hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur. Bu, həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün bir çağırışdır.
DOSTLARINLA PAYLAŞ: