Ramil Səfərovun atası: Mən bu günü səbrlə gözləyirdim
31 Avqust 2012 Cümə 18:55
Sahib Səfərov oğlu Ramil Səfərovunazad olunması ilə bağlı sevincini ANS PRESS-lə bölüşüb.
Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərov oğlunun azad olunması ilə bağlı sevincini ANS PRESS-lə bölüşüb. S.Səfərov oğlunun azad olunacağı günü səbirsizliklə gözlədiyini deyib. Onun sözlərinə görə, bu gün elə bir gündür ki, tək Səfərovlar ailəsinin deyil, bütün Azərbaycan xalqının sevindiyi bir gündür: “Bu sevinci bizə cənab prezident İlham Əliyev bəxş etdi. Həm Ramil Səfərovun Azərbaycana gətirilməsi, həm də onu vətənə ayaq qoyan kimi əfv etməsi Azərbaycan xalqının ikiqat sevincinə səbəb oldu. Mən inanırdım ki, cənab prezidentimiz Ramil Səfərovu unutmayıb və onun azad olunması istiqamətində əlindən gələni əsirgəmir. Bilirdim ki, cənab prezidnet Ramil Səfərovun azad olunmasına nail olacaq. Ona görə də mən səbrlə bu günü gözləyirdim”.
Sahib Səfərov çətin günlərdə onlara dəstək olan hər bir insana minnətdar olduğunu və oğlu ilə qürur duyduğunu deyib. O bundan sonra da Ramil Səfərova hər bir qərarında dəstək olacağını bildirib: “Bu 8,5 il ərzində bizə dəstək olan bütün insanlara, Ramilə dəstək olan, ona güc verən insanların hamısına təşəkkür edirəm. Başda cənab prezident olmaqla, bütün insanlara təşəkkür edirəm. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinc təkcə mənim deyil, hamımızın sevincidir. Ramil bu vətənin oğludur, nə qədər ki, nəfəsi var xalqına xidmət edəcək. Bu, Ramil Səfərovun borcudur”.
DOSTLARINLA PAYLAŞ: