“Ramil Səfərov Azərbaycanda qəhrəman hesab edilmir”
16 Noyabr 2012 Cümə 04:20
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Ramil Səfərov məsələsi ilə əlaqədar Bakının mövqeyini açıqlayıb
Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT-nin İnsan Hüquqları Şurasının sədrinin adına məktub göndərib. Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli həmin məktubda Ermənistanın BMT yanında daimi nümayəndəsinin Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi barədə fikirlərinə cavab verib.

Məktubda qeyd edilir ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası məhkum edilmiş şəxslərin verilməsi barədə, Azərbaycanın da qoşulduğu 1983-cü il Strasburq konvensiyasına tamamilə müvafiq olaraq həyata keçirilib.

Məktubda deyilir: “Konvensiyanın müddəalarına uyğun olaraq, Tərəflərdən birinin ərazisində məhkum edilmiş şəxs qarşılıqlı razılaşmaya əsasən digər Tərəfin ərazisinə verilə bilər”.

Məktubda göstərilir ki, Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov səkkiz ildən artıq həbsdə olub və Ermənistan tərəfinin iddialarına rəğmən, o, Azərbaycanda qəhrəman hesab edilmir.

M.Nəcəfbəyli yazır: “Hüquqi baxımdan tənzimlənən bu hadisənin siyasiləşdirilməsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzün və ağır cinayətlərin real nəticələrini gizlətmək kimi uzaq niyyətlər güdür”.

Məktubda göstərilir: “Regionda daimi gərginliyin əsas mənbəyi Ermənistan tərəfindən Azərbaycanın işğalının davam etməsi və 1 milyondan çox azərbaycanlının doğma yurdundan qovulması, etnik təmizləmələr və bir sıra başqa ağır cinayətlərdir. Beləliklə, Ramil Səfərovla bağlı hadisəyə yalnız Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi və öz evlərini tərk etməyə məcbur olmuş yüz minlərlə azərbaycanlı məcburi köçkün və qaçqın üçün müharibənin doğurduğu acı nəticələr kontekstində yanaşmaq lazımdır”.

Məktubda qeyd edilir ki, Ramil Səfərov özü erməni silahlı qüvvələri tərəfindən onun evinin zəbt edilməsi və yaxın qohumlarının öldürülməsinin şahidi olub.

Məktubda vurğulanır: “Onun ailəsi doğma torpaqlarından zorla qovulmuş minlərlə ailədən biri idi. Bundan əlavə, Ramil Səfərovun əməllərini etnik motivə əsaslanan cinayət kimi təqdim etməyə əsla əsas yoxdur. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan özünün etnik müxtəlifliyini bu günə qədər qoruyub saxlayıb. Hazırda Azərbaycan Respublikasının ərazisində təqribən 30.000 etnik erməni yaşayır və normal həyat sürür, heç bir ayrı-seçkiliyə məruz qalmır”. Məktubda daha sonra qeyd edilir ki, təcavüzü davam etdirən Ermənistan hökumətinin davakar və təhrikçi ritorikası və isteriyası Ermənistan ilə Azərbaycan arasında münaqişənin dinc yolla nizamlanmasına mane olur və düşmənçiliyə təhrik edir.

Xatırladaq ki, İnsan Hüquqları Şurası BMT sistemində İnsan Hüquqları Komissiyasını əvəz etmiş beynəlxalq hüquq müdafiə orqanıdır. Şura BMT Baş Məclisinin köməkçi orqanıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar