Rafiq Abbasov: “Qanunsuz aksiyaya icazə verilməyəcək”
16 Aprel 2011 Şənbə 19:10
Hüquq müdafiəçisi Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov ilə görüşüb .
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Rafiq Abbasovla görüşüb.
Komitə sədri görüşdə insan hüquqları, qeyri-insani rəftar, işgəncə faktlarından danışıldığını bildirib: “Rafiq Abbasova bildirdim ki, müxalifət tərəfindən keçirilən icazəsiz aksiyalarda saxlanılan şəxslərin polis bölmələrində qeyri-insani rəftarla üzləşmələri barədə komitəmizə müraciətlər daxil olur. Öz növbəsində, o da bildirdi ki, daxili işlər naziri Ramil Usubov polis bölmələrinə məsələ ilə əlaqədar göstəriş verib. Aksiya zamanı saxlanılan şəxslərə qarşı qanunsuz hərəkətə yol verilməyəcək”.
Elçin Behbudov görüşdə Nəsimi Rayon Polis İdarəsinin rəisi müavini Süleyman Nemətovun barəsində komitəyə daxil olan şikayətlər haqqında danışdıqlarını da bildirib: “Rafiq Abbasov mənə dedi ki, 20 yanvar hadisəsinin ildönümü zamanı Süleyman Nemətov asayişi qorumağa çalışıb, lakin müxalifət bu hadisəni qərəzli olaraq ictimaiyyətə başqa cür təqdim edir”.
Hüquq müdafiəçisi görüşdə İctimai Palatanın sabaha təyin etdiyi icazəsiz aksiyanın keçirilməsi ilə bağlı danışdıqlarını da söyləyib: “Rafiq Abbasov bildirdi ki, qanunsuz aksiyaya icazə verilməyəcək. Çünki bu, ictimai asayişi pozur. Əgər müxalifət aksiya keçirtmək istəyirsə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan yerdə bunu edə bilər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: