Qurban bayramı gəldi, qiymətlər kəllə-çarxa çıxdı
14 Noyabr 2010 Bazar 16:10
ANS PRESS-in əməkdaşı bazarlarda monitorinq apardı.
Qurban bayramına iki gün qalır. Bayram ərəfəsində vətəndaşları ən çox maraqlandıran isə qurbanlıq heyvanların, əsasən də qoyunların qiymətidir. Görəsən, bayram ərəfəsində qiymətlərdə nə kimi dəyişiklik olub?

Bunu öyrənmək üçün 8-ci mikrorayondakı "ət pavilyonu" adlanan satış mərkəzinə üz tutaraq qoyunların qiymətilə maraqlanmağa başladıq. Satıcılar bildirdilər ki, 12 kiloqramlıq quzu 120 manata, 20-25 kiloqramlıq qoyun 200 manatadır. 30 kq-lıq qoyunun qiymətinin isə kq-nın 8 manatdan hesablandığını bildirdilər. Bu isə 240 manat edir.

Alıcılardan da rəyini öyrənmək istədik. Alıcı Cavanşir Əliyev qiymətlərin qalxmasından şikayətləndi: "Qurban bayramı ərəfəsində qoyunun qiyməti çox bahalaşıb. Diri qoyun almaq indi heç sərf etmir. İstəyirdim diri heyvan alım, görürəm ki, kiloqramla ət almaq ondan sərfəlidir. 20 kiloqramlıq qoyunu 210 manata deyirlər. Onun da haradasa təmiz 15 kiloqram əti çıxacaq. 30 kiloqramlıq qoyun isə 400 manata satılır. Gör onda ətin kiloqramı neçəyə olur?”.

Lakin qiymətin bahalığına baxmayaraq, diri heyvan alanlar az deyildi. Belə alıcılardan biri Əmiraslan Babayev bayrama iki gün qalmış tədarük gördüyünü bildirdi.

“Adi günlərə nisbətən diri heyvanın qiymətində hardasa 50 manata yaxın artım var. Mən indidən qoyun alıram ki, bayram günü ümumiyyətlə heyvana yaxın düşmək olmayacaq. Qiyməti kəllə-çarxa çıxacaq”, söyləyən Əmiraslan Babayev satıcı ilə ümumi dil tapa bildi. O, 15 kiloqramlıq diri qoyunu 150 manata ala bildi. Ondan fərqli olaraq Samir Hüseynov 17 kiloqramlıq qoyuna 185 manat pul ödədi. Qiyməti də yalvar-yaxar aşağı saldırdığını bildirdi: “17 kiloqramlıq qoyunu 190 manatdan aşağı vermirlər. Güc-bəla ilə 185 manata aldım”.

Bazarın müdiri Əli Hacıyev isə ANS PRESS-ə açıqlamasında qiymətlərdə heç bir artımın olmadığını bildirdi. “Gördüyünüz kimi, heyvanların qiymətində heç bir artım yoxdur. Ətin kiloqramı 8 manatdan hesablanır. Heyvan nə qədər gəlirsə, bu, 8 manata vurulur”, - deyə Əli Hacıyev vurğuladı.

Xatırladaq ki, noyabrın 5-də ANS PRESS olaraq bu bazarda olmuşduq. Həmin vaxt 12 kiloqramlıq qoyun 85, 15 kq-lıq qoyun 90-100 manata satılırdı. İndi bu qiymət 120 manatdan 150 manat arasında dəyişir.

Lakin Əli müəllim bizi inandırmağa çalışdı ki, qiymətlərdə artım olmayıb. Ona alıcıların söylədikləri qiymətləri dedikdə, bazar müdiri bu qiymətlərin heyvanların çəkisinə görə baha olduğunu dedi. Onun sözündən elə çıxdı ki, həm satıcılar, həm də biz səhv edirik.

“Təzə bazar” adlanan bazarda isə vəziyyət tam fərqli idi. Burada ət “Ət pavilyonu” adlanan satış mərkəzinə nisbətən qiymətlərdə fərq hiss olunmurdu. On gün bundan qabaq olduğu kimi, mal əti 5,50-6 manat arasında dəyişirdi. Qoyun əti isə 7 manat idi.

Sonda hər kəsin Qurban bayramını təbrik edirik. Bayramda alıcılara imkan, satıcılara isə vicdan arzulayırıq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar