Qubada keçirilən etiraz aksiyası başa çatıb
01 Mart 2012 Cümə Axşamı 17:51
Bu gün Quba şəhərində keçirilən etiraz aksiyasında saxlanılan 18 nəfər azadlığa buraxılıb.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, rayondan seçilən millət vəkili Vahid Əhmədov saxlanılanların azadlığa buraxılması tələbi ilə Polis Şöbəsinin qarşısında toplaşan şəxslərə şöbədə olan şəxslərin hamısının azad olunduğunu deyib.
Millət vəkili aksiya iştirakçılarına dağılışmağı tövsiyə edib. Saxlanılanların buraxılmasından sonra aksiya iştirakçıları ərazini tərk ediblər.
Qeyd edək ki, bu gün Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında etiraz aksiyası keçirilib. Məlumata görə, aksiya icra başçısı Rauf Həbibovun bir müddət öncə qubalıların ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə etiraz olaraq keçirilib. Etiraz aksiyasının icazəsiz olduğunu bildirən polis dağılışmağa çağırış edərkən, bir qrup RİH-nin yardımçı tikililərinə, çayxanaya od vurub, RİH binasının şüşələrini sındırıb. Hadisə yerinə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsini yanğınsöndürən maşınları cəlb olunub. Yanğının qarşısı alınıb. RİH binasına ciddi ziyan dəyib. Daha sonra təxminən 500-600 aksiya iştirakçısı R. Həbibovun Quba Olimpiya İdman Kompleksi ilə üzbəüz evinə od vurublar.
Etiraz aksiyasının iştirakçıları tələblərinin yalnız icra başçısının istefası olduğunu deyiblər: “Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır”. Bunu APA-ya açıqlamasında etiraz aksiyasının iştirakçıları deyib.
Onlar bildiriblər ki, bu aksiya yalnız icra başçısı Rauf Həbibovun qubalıların ünvanına söylədiyi fikirlərə etirazdır: “Biz cənab prezidentin bizim etirazımıza diqqətlə yanaşacağına əminik”.
Aksiya iştirakçıları əllərində Azərbaycan prezidentinin portretini və onu dəstəkləyən şüar olan plakatlar tutduqlarını da vurğulayıblar.
Qeyd edək ki, aksiyada yalnız icra başçısı əleyhinə şüarlar səsləndirilib, onun istefası tələb olunub. Nəqliyyat naziri Ziya Məmmədov, millət vəkili Vahid Əhmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev və digər rəsmi şəxslər rayondadır. Onlar əhali ilə danışıb, məsələnin araşdırılacağını bildiriblər.
Etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-nın şimal bürosuna verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı – Quba rayon Dərtqov kənd sakini İsrafilov Malik Nağdəli oğlu, Əlibət Qışlaq kənd sakini Adıgözəlov Adıgözəl Nurəddin oğlu və Quba şəhər sakini Məmmədov Fazil Əbil oğlu, biri isə aksiya iştirakçısı - Atuc kənd sakini Sultanov Hikmət Müslüm oğludur.
DOSTLARINLA PAYLAŞ: