Quba Soyqırımı Memorial Kompleksinin tikintisinə başlanılıb
26 İyul 2010 Bazar Ertəsi 12:15
Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının kütləvi məzarlığında Quba Soyqırımı Memorial Kompleksinin təməlinin qoyulmasına başlanılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba soyqırımı ekspediyasının rəhbəri Qəhrəman Ağayev APA-ya bildirib ki, bünövrənin qoyulmasına təxminən 10-15 gün əvvəl başlanılıb. Kompleksin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Q. Ağayev deyib ki, kompleks geniş sahəni əhatə edəcək.
Ekspedisiya rəhbərinin sözlərinə görə, məzarlığın yaxınlığından keçən Qudyalçayın məcrasını dəyişmək lazımdır. Bununla əlaqədar “Azərkörpü” Səhmdar Cəmiyyəti artıq bir aya yaxındır ki, yeni bəndin tikintisini həyata keçirir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 30-da Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
Kompleksin yaradılması məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Quba rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb. APA
DOSTLARINLA PAYLAŞ: