Quba məzarlığındakı sümüklər basdırılmalıdır ya yox?
26 İyul 2010 Bazar Ertəsi 22:25
Ermənilər bu sümüklərin onlara məxsus olduğunu iddia edir.
Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Qubada soyqrım memorial kompleksinin inşasına son hazırlıq işləri görülür. ANS-in bölgə müxbiri Qubadakı kütləvi məzarlıqda 1918-ci ildə erməni vəhşilyinin qurbanı olmuş dinc insanların xatirəsinə ucaldılacaq soyqırım memorial kompleksinin inşasının artıq reallaşmaq üzrə olduğunu bildirib. Artıq bir müddətdir ki, müvafiq dövlət qurumları işə başlayıb.
Son vaxtlar ictimaiyyət arasında məzarlıqda aşkar edilmiş insan sümüklərinin dini inancımıza görə basdırılması məsələsi gündəmə gəlib. Məzarlıqdakı sümüklər basdırılmalıdır, yoxsa bunu etmək lazım deyil? Quba sakinləri arasında aparılan sorğu zamanı cavablar müxtəlif olub.
Quba rayon sakini Ramiz Əmirxanov bildirib ki, məzarlıqdakı sümüklərin basdırılmasının əleyhinədir: ”Bu sümüklər gələcək nəsillərə qalmalıdır, amma müsəlman adətinə görə basdırılmalıdır. Lakin öz fikrimin üstündə qalıram, çünki bütün dünya bunu görməli və bütün dünya bilməlidir ki, ermənilər nə ediblər”.
Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə nümayəndəsi hacı Naib isə hesab edir ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı sübut edən canlı faktların izləri itirilməməlidir. “Mən bir din xadimi kimi bunu deyə bilərəm ki, tarixi basdıra-basdıra gəlib bu hala qalmışıq. Düzdür, hər bir cəsəd müsəlman adətinə görə qüsullanmalı, kəfənlənməli, basdırılmalıdır. Amma onların paltarları özlərinə kəfən olub, qanları özlərinə qüsul olub. Mən bir din xadimi kimi sümüklərin basdırılmasından çox, aşkarda qalaraq bütün dünyaya elan olunmasının tərəfdarıyam”, -deyə Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə nümayəndəsi hacı Naib bildirib.
Quba məzarlığını ziyarət edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova da kütləvi məzarlıqdakı sümüklərin basdırılmasının tərəfdarı olmadığını deyib. Quba məzalığının sübut olduğunu vurğulayan ombudsman ermənilərin hər yerdə onlara qarşı belə soyqırım törətdiklərini haray saldıqlarını deyib: ”Azərbaycan ərazisində bir çox qəzalarda belə soyqırımlar törədilib. Budur canlı şahidlər, budur canlı sübutlar".
Məzarlıqda arxeoloji araşdırma aparmış Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun Quba soyqrımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin də məsələyə baxışı birmənalıdır: “Bunlar soyqırıma məruz qalan dinc əhalidir. Biz bu sümükləri basdırsaq, ermənilərin bütün dünyaya yaydığı fikirləri təsdiqləyərik. Ermənilər tərəfindən bizə zənglər gəlir və onlar bizə deyirlər ki, biz oraya gələcəyik və sübut edəcəyik ki, onlar məhz ermənilərdir. Əgər sümüklər basdırılsa, deməli biz ermənilərin fikirlərini təsdiqləyirik. Şəxsən tədqiqatçı kimi sümüklərin basdırılmasının əleyhinəyəm”.
7000-dən artıq insan sümükləri məhkəmə tibbi ekspertizası və Pataloji Anatomiya Birliyinin idarəsində xüsusi məhlulla yuyularaq təmizlənib və rənglənib. Belə halda isə sümüklər ən azı 15 il qalacaq.
Qeyd edək ki, Qubada şəhər stadionu ərazisində kompleksin tikintisi üçün 3.5 hektar torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanıb və artıq ərazidə kompleksin təməlqoyma mərasiminə hazırlıq işləri gedir. Quba rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Əsəd Babayev tikinti işlərinə başlanıldığını bildirib. Məzarlığın yaxınlığında yerləşən Qudyalçayın içərisində beton bəndlərin inşasına başlanılıb. Bəndin vurulmasına məqsəd sel sularının məzarlıq ərazisinə yaxınlaşmasının qarşısını almaqdır.
“Azərkörpü” SC-nin iş icraçısı Məmməd Hacıyev bu bəndin ümumi uzunluğunun 590 metr, hündürlüyünün isə 5 metr olmaqla iki mərhələdən keçdiyi barədə məlumat verib: “Hazırda biz onun birinci mərhələsini davam etdiririk. Məzarlığın qarşısında tikinti-quraşdırma işləri gedir. Qudyalçayda mühafizə məqsədi ilə betonbəndlənmə davam edir. Layihənin avqusta ayının sonuna kimi tamamlanması proqramlaşdırılır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: