QMİ mollaların attestasiyası ilə bağlı açıqlama yayıb
13 Avqust 2010 Cümə 18:40
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının son iclasında idarə sədrinin səsləndirdiyi fikirlərdən sonra mətbuatda qərəzli, qeyri-obyektiv fikirlər yer alıb”.
Bu sözləri QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamadandır.
QMİ həmin fikirlərə cavab olaraq bildirir ki, bütün sahələrdə çalışan mütəxəssislər arasında olduğu kimi, din xadimlərinin attestasiyası da onların öz vəzifələrini həyata keçirməyə yararlılığını müəyyən etməyə xidmət edən idarədaxili tədbirdir: “Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, bəzi üzdəniraq şəxslərin din xadimi adına xələl gətirən dələduz əməllərinin insanların heysiyyətinə toxunmasını, habelə hörmətli din xadimlərinin nüfuzdan düşməsinə gətirib çıxarmasını milli mənəviyyatımıza zərər vuran bir hal kimi dəyərləndirir. Bu baxımdan, ölkə boyunca saqqal saxlayıb, buxara papaq qoyub özünü din xadimi kimi qələmə verən insanların dini biliklərinin, dini ayin yerinə yetirmək bacarığının yoxlanılması məramı ilə keçirilməsi nəzərdə tutulan növbəti attestasiya din xadimi adının nüfuz və hörmətinin qorunmasına xidmət edəcək”.
Açıqlamada qeyd olunub ki, din xadimi olmaq istəyən, dini biliklərinə güvənən şəxslər yerlərdə, yəni QMİ-yə gəlmədən keçiriləcək attestasiya prosesində iştirak edən bilərlər: “Attestasiyadan uğurla keçəcək insanlar dini vəzifələrə təyinat alaraq, dini mərkəzin - QMİ-nin müvafiq vəsiqələri ilə təmin olunacaq və insanlara dini xidmət göstərəcəklər. Bu attestasiyanın qərəzsiz, şəffaf keçirilməsi idarə tərəfindən təmin olunacaq. Bu baxımdan, attestasiya prosesi yalnız öz dini savadına arxayın olmayan iddiaçıları narahat edə bilər”. APA
DOSTLARINLA PAYLAŞ: