QMİ İslam Partiyasının sədrinin çağırışları ilə bağlı bəyanat verib
10 Yanvar 2011 Bazar Ertəsi 11:22
Dindarlar xalqı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırıb.
Qafqaz Müsəlmanları İdarəsi son günlər yerli KİV-lərdə yayımlanan və dindarların etirazına səbəb olan qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun çağırışları ilə bağlı bəyanat yayıb. Bəyanatda M. Səmədovun çağırışları məsuliyyətsiz adlandırılıb və qəti şəkildə pislənib:
"Bu bir həqiqətdir ki, Allah-Təalanın mərhəməti sayəsində tarixinin ən məsuliyyətli dövründə Azərbaycan xalqının, dövlətimizin taleyi qüdrətli şəxsiyyətlərə həvalə olunub. Məhz Heydər Əliyev dühası Vətənimizi parçalanma və məhvolma təhlükəsindən xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini bərqərar edib. Ulu öndərin xalqımızın uğurlu gələcəyi ilə bağlı ülvi arzularını həyata keçirmək missiyası isə möhtərəm dövlət başçımız İlham Əliyevə nəsib olub. Qədirbilən xalqımız bu siyasətin bəhrəsini görür və inşallah, hələ uzun müddət də görəcəkdir. Dünya şahiddir ki, bu gün dövlət başçısının səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq, hər birimizin din, vicdan azadlığının etibarlı qarantıdır. Vətəndaş həmrəyliyinə xələl gətirmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və vicdan azadlığı insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətdə zərərli meyllərə, parçalanma və qarşıdurma cəhdlərinə qətiyyən haqq qazandırmır.
Bəyanatda qeyd olunur ki, dindarlar bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etmiş ulu öndərimizin, dövlətimizi ən ali məqamlarda təmsil edən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərini inkar edən çağırışları heç bir vəchlə qəbul etmir və buna öz qəti etirazlarını bildirir: "Hesab edirik ki, bu, xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bundan məqsəd milli birliyimizi sarsıtmaq, sabitliyimizə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, olduqca təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal İslam adından sui-istifadə edən üzdəniraq təəssübkeşlər tərəfindən məqsədli şəkildə yaradılır. Başörtüyü məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanədir. Dindarlarımız nəzərə almalıdırlar ki, başörtüyünə dövlət tərəfindən qadağa qoyulmayıb. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi başörtüyü ilə bağlı öz mövqeyini birmənalı şəkildə bildirib. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi günahlara və zorakılığa çağırışa yol verməz. Dövlət başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir. Necə ki, mübarək ayeyi-şərifədə buyurulur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (rəhbərlərə) itaət edin!...” (ən-Nisa, 59).
Biz dindarlar, dövlət mənafelərimizə, milli maraqlarımıza zidd olan bütün təhlükələrin qarşısının alınmasını olduqca vacib hesab edir, xalqımızı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırırıq.
Bir daha bəyan edirik ki, Azərbaycan dindarları, inşallah, heç bir zaman fitnələrə uymayacaq və öz dövlətçiliyinin qorunması yolunda bütün maneələri dəf edəcəklər. Allah köməyimiz olsun!"
Qeyd edək ki, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun, Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Dəyənət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb.
Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: