Qızıl qiymətinə zibil
02 Avqust 2013 Cümə 16:12
Hər gün küçəyə atılan milyon dolların əhvalatı.
Badamdarda bir məhəllə dükanı var. Hər səhər saat 8-də satıcı gənc qapıları açır, sonra boş karton qutularını, yırtılmış sellofan torbaları dükanın önündə üst-üstə yığır və daha sonra onlara od vurur. Az keçmir ki, bütün məhəlləni tüstü və yanan sellofandan qalxan dioksin iyisi bürüyür və açıq pəncərələrdən evlərə dolan sərt qoxu sakinlərə dükanın açıldığını başa salır. Və sakinlər bir-birinin ardınca çörək almaq üçün dükana üz tuturlar. Yeni tikilmiş həyət evlərindən ibarət məhəllədə zibilxana yoxdur və ev sahiblərinin çoxu da iki-üç gündən bir dükançı gənc kimi davranır.

Əslində, Bakının bir çox yeni tikilmiş kənar məhəllələrinə xas olan bu prosedur zamanı şəhər üçün iki arzuolunmaz proses baş verir. Birincisi, yanan sellofanlardan qalxan dioksin dumanı məhəllələrin ekoloji durumunu həddindən pisləşdirir. Dioksinin kanserogen olduğu, ilk növbədə ağ ciyər xərçənginə yol açdığı indi hər kəsə məlumdur. İkincisi isə külli miqdarda təkrar xammal yandırılaraq məhv edilir. Avropa Birliyinin TASİS proqramının MDB ölkələrində apardığı araşdırmaya görə, bərk məişət tullantılarının təxminən 30%-i kağız və karton məmulatlar, 8%-i plastmas məmulatlar, 2,5%-i isə metal məmulatlardır. İlkin hesablamalara görə, Bakı və ətrafında hər il 1,2 milyon tona yaxın bərk tullantı yaranır. Bu hesabla 360 min ton kağız və karton, 100 min ton plastmas, 30 min tona yaxın metal, yəni qida təyinatlı alüminiumu tullantı kimi atılır. Təkrar xammal bazarında kağız və kartonun tonunun 500 dollara, plastmasın tonunun 700 dollara və alüminiumun tonunun 1000 dollara satıldığı nəzərə alınarsa, Bakıda hər il 280 milyon dollarlıq təkrar xammalın tullantı kimi atıldığı aydın olar.

2012-ci ilin ikinci yarısına qədər hər il elə bu qədər də təkrar xammal Balaxanı məişət tullantıları poliqonuna atılırdı və ya yandırılırdı. Çox cüzi hissə fərdi təkrar xammal yığanlar tərəfindən seçilirdi və müəyyən yerlərə təhvil verilirdi. Lakin bu, həddindən antisanitariya şəraitində gerçəkləşdirilirdi. İnsanlar bir tikə çörək qazanmaq üçün hər gün yolxucu xəstəliklərlə və ərazidə dolaşan yiyəsiz itlərlə üz-üzə gəlmək məcburiyyətində qalırdılar. 2012-ci ilin avqust ayında Balaxanı poliqonun düz yanında Bakı Məişət Tullantılarının Çeşidlənməsi Zavodu işə salındı. Yəni indi şəhərdən gətirilmiş zibil poliqona deyil, birbaşa çeşidləmə zavoduna gətirilir. ANS PRESS-in çəkiliş qrupunun müşahidələrinə görə, müasir texnologiya ilə tikilmiş zavodun konveyer lentinə verilmiş məişət tullantılarının təxminən 40 faizi təmizlənərək təkrar emala qaytarılır.

Zavodda tullantılar dörd mərhələdə təmizlənir. Birinci mərhələdə kütlə iri ölçülü tullantılardan, otlardan və s.-dən təmizlənir. Sonra barabanda ələnərək qum, torpaq və s. kimi xırda qatışıqlardan təmizlənir. Daha sonra maqnit tutucuların vasitəsi ilə metallar seçilir. Ən sonda isə təkrar emal üçün yararlı olan plastmas, kağız-karton, alüminium qatışıqları seçilir. Zavodda 170-ə yaxın adam çalışır və işçi heyət əsasən keçmişdə Balaxanı poliqonunda təkrar xammal yığanlardan formalaşıb. Artıq bu insanlar çörək pulunu həyatları üçün elə bir ciddi risk olmadan, özü də sabit səviyyədə qazanırlar. Zavod onların geyimlə və günorta yeməyi ilə təmin edir. Zavodda qadınlar və kişilər üçün ayrıca geyinib-soyunma otaqları, iri duş otaqları tikilib. Yəni səhər işə təmiz gələn işçilər axşam oradan çimərək təmiz şəkildə ayrılırlar. Zavoda işçilər xüsusi nəqliyyatla gətirilir.

Əslində, Bakı Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun son məhsulu - təkrar emal üçün yararsız tullantılar işə yarayır və kommersiya baxımından əhəmiyyətlidir. Həmin kütlə 2012-ci ilin dekabr ayında istifadəyə verilmiş Bakı Məişət Tullantılarının Yandırılması Zavoduna verilir. Ən müasir 4G texnologiyası ilə idarə olunan zavoda ildə 500 min tona yaxın bərk məişət tullantısı və 10 min tona yaxın tibbi tullantı utilizasiya edilə bilir ki, bu da çağdaş Bakının tullantı səviyyəsini tam əhatə etmək qabiliyyətindədir. Zavodda hazırda hər birinin gücü 250 min ton tullantı olan iki xətt fəaliyyət göstərir, amma üçüncü xəttin işə salınması üçün də imkan var. Bu isə gələcəkdə Bakının məişət tullantılarının illik səviyyəsinin 1,5 milyon tona çatacağı dövrlərin də tələbatını ödəməyə imkan verir. Zavodda yandırılan bərk tullantıların həcmi 10 dəfə azalır və nəticədə inşaat işlərində, xüsusilə də yol tikintisində istifadə edilə bilən kül alınır. Bu zavodun ən önəmli tərəfi isə işində rentabelli olmasıdır. Zavodda ildə 231,5 milyon kilovattsaat elektrik enerjisi əldə edilir ki, bu da təxminən 27 meqavatt gücə ekvivalentdir. Bu, yetərincə önəmli güc səviyyəsidir - müqayisə üçün bildirək ki, regionlarda quraşdırılan modul tipli buxar-qaz istilik elektrik stansiyalarının (İES) gücü 11 meqavattdır. “Təmiz şəhər” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, bu, 50 min mənzili elektrik enerjisi ilə təmin etməyə imkan yaradır. Zavodda yanma prosesi davamlıdır və kənar yanacağa ehtiyac yoxdur, yalnız zavodu işə salmaq üçün ilkin mərhələdə qazdan istifadə edilir. Ətrafa heç bir tullantı qazı atılmır və dioksin qarışıq bütün zərərli qatışıqlar tutularaq Sumqayıtda xüsusi poliqonda basdırılır.

Bununla belə, Bakıda məişət tullantılarının bu üsulla utilizasiyasını doğru saymayanlar var və onların da arqumentləri yetərincə əsaslı görünür. Məsələn, tanınmış ekoloq, tədqiqatçı alim Telman Zeynalov məişət tullantılarının daha az investisiya ilə daha səmərəli utilizasiyasını mümkün sayır. Bunun üçün məhəllələrə şüşə, plastmass, kağız, parça və qida tullantıları üçün xüsusi zibil qabları qoyulmalıydı və çeşidləmə elə məhəllə daxilində aparılmalı idi. Bir çox qərb ölkələrində bu gerçəkləşdirilir və həmin məhsulların təkrar emala daha yararlı şəkildə çatdırılmasına imkan yaradır. Qida qalıqları isə içərisinə məsaməli borular yerləşdirilmiş xüsusi quruluşlu təpəciklər şəklində toplanaraq bioqaz alınması üçün istifadə edilə bilərdi. Alimin fikrincə, tullantı təpəciklərinin üzərində çəmənləşdirmə aparılmaqla, ağac əkilməsi Abşeronun landşaftına xüsusi gözəllik verərdi.

Nə demək olar?.. Yetərincə, gözəl və ucuz başa gələn ideyadır. Lakin bunu eləmək üçün həm əhalinin maarifləndirilməsini, həm yüksək səviyyədə inzibati təşkilatçılıq tələb edir. Bu, bir növ milli mədəniyyət səviyyəsi məsələsidir ki, onu formalaşdırmaq üçün uzun illər lazım gəlir. Mütəxəssislər Almaniyada bu praktikanın İkinci Dünya müharibəsindən sonra meriyalar tərəfindən aparılan gərgin maarifçilik işləri nəticəsində 30-40 ilə başa gəldiyini deyirlər. Müstəqillik illərinin təcrübəsi göstərir ki, Bakı meriyası əhali ilə ünsiyyəti sevmir və heç bir maarifçilik işi görməyə qadir deyil. Yəni daha yuxarı səviyyəli icra qurumları şəhər rəhbərliyindən yalnız məişət tullantılarının məhəllələrdən daha tez çıxarılmasını tələb edə bilərlər. Əks halda, xüsusilə də, yay aylarından zibil iyisindən məhəllələrə girmək mümkün olmur.

Görünür, bir sıra inkişaf etmiş ölkələr də məhz bu nüansı nəzərə alıb və məişət tullantılarının yandırılması yolunu seçib. Məsələn, Avstriyada 10-a yaxın tullantı yandırma zavodu var və onlardan biri paytaxt Vyananın mərkəzi hissəsində yerləşir. Bu ölkədə həmin zavodlardan mənzilləri qızdırmaq üçün isti su da əldə edilir. İsveç isə hətta öz zavodlarında yandırmaq üçün kənardan məişət tullantısı alır. Yaponiyada isə parklarda məişət tullantılarını presləyən xüsusi konteynerlər quraşdırılıb və belə konteynerlər zibili gec-gec, məsələn, ayda bir daşımağa imkan verir. Yəni orada da tullantılar xüsusi zavodlarda yandırılır və ondan enerji alınır.

Nə isə… Çox şükür ki, inkişaf etmiş ölkələrin arasında da bizə bənzərlər var. Amma bununla belə, Azərbaycanın hər iki təcrübəni birləşdirərək tətbiq etməsi heç də pis olmaz. Hər halda, yaxın illərdə Azərbaycanda Gəncə, Ələt, Nabran və Lənkəran kimi yeni yaradılan sənaye-turizm mərkəzlərində, həmçinin kiçik şəhərlərdə, rayon mərkəzlərində tanınmış ekoloq Telman Zeynalovun təklif etdiyi üsul tətbiq edilə bilər. Və bu yaşayış məntəqələrinin sakinləri Bakının bəzi qəsəbələrində olduğu kimi sabahı dioksin qoxusu ilə açmazlar.














DOSTLARINLA PAYLAŞ:

oyunlar