Avropada hazırlanmış 500-dən artıq yuva Qız Qalasının yaxınlığındakı binanın fasadına quraşdırılıb.
2011-ci ilin aprel ayından başlamış Qız Qalasının muzey konservasiyası işlərinin 2013-cü ilin ikinci yarısına qədər davam edəcəyi gözlənilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, güclü küləklərin və atmosfer yağıntıların təsiri qədimabidənin fasadındakı daşlar əsrlər ərzində zədələnir, onların arasındakı məhlul isə yuyulurdu.Yaranmış boşluqlarda isə uzunqanad adlı (latınca Apus apus-red.) quşlar yuva salıblar. Bu quşlar aprelin əvvəllərində Bakıya gəlir, burada bala verir və iyul-avqust aylarında yeni nəsil ilə birlikdə Cənubi Afrikaya köç edirlər.
Qız Qalasında muzey konservasiya işləri bitdikdən və daşlar arasındakı boşluqlar doldurulduqdan sonra uzunqanad quşlarının burada əvvəlki sayda yuva qurmasının mümkünsüz olacağını nəzərə alaraq Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri Leyla Əliyevanın təklifi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən uzunqanad quşlarına Qız Qalası yaxınlığında alternativ yuva qurulmasına qərar verilib.
Prosesi elmi əsaslarla həyata keçirmək və beynəlxalq təcrübəni tətbiq edilməsi üçün bir sıra təşkilatlarla əməkdaşlıq edilib. Belə ki, “BirdLife” Avstriya Ornitoloqlar Cəmiyyəti ilə aparılmış müvafiq məsləhətləşmələrə əsasən xüsusilə uzunqanad quşları üçün Avropada hazırlanmış 500-dən artıq yuva alınaraq Qız Qalasınınyaxınlığındakı binanın fasadına quraşdırılıb. Qız Qalasında yuva salmış uzunqanadların sayının təqribən 250-300 olmasına baxmayaraq süni yuvaların sayıtəxminən iki dəfəartıqdır. Bu, gələcəkdə uzunqanad quşlarının populyasiyasının artırmaq məqsədi ilə həyata keçirilib.
Eyni zamanda quşların alternativ yuvalara köçürülməsi ilə bağlı Böyük Britaniyada yerləşən uzunqanad quşlarının qorunması sahəsində ixtisaslaşmış “Swift Conservartion” (Uzunqanadların qorunması) beynəlxalq təşkilatı ilə əməkdaşlıq qurulub. Quşları yuvalara cəlb etmək üçün “Swift Conservartion”(Uzunqanadların qorunması) təşkilatı tərəfindən yazılı təlimatlar, uzunqanad quşlarınınsəs yazılarından ibarət olan CD disklər təqdim edilib. Qeyd olunan CD disklər bir neçə yuvaya qoşulmuş səsgücləndiricilər vasitəsi ilə uzunqanadların səsləri gün ərzində quşların ən çox yuva axtardığı zamanlarda səsləndirilir.
Uzunqanad quşları çox mühafizəkar quşlar hesab olunur və yuva quracaqları məkanları bir il əvvəlcədən müəyyənləşdirirlər. Bu səbəbdən “Swift Conservartion” şirkəti bildirmişdir ki, onların süni yuvalara cəlb edilməsi mürəkkəb, eyni zamanda vaxt aparan prosesdir və tam yuvalara cəlb edilmə 2-3 ilə yaxın zaman tələb edə bilər.
Buna baxmayaraq artıq quşların Bakıya gəldiyi ilk iki həftədən sonra yeni yuvalarına cəlb edilməsində müsbət nəticələr əldə olunmuş və bir neçə yuva quşlar tərəfindən istifadə edilməyə başlanılıb.
Bununla yanaşı artıq Qız Qalasının uzunqanadlarla vəhdət təşkil edən görüntüsünün dəyişməməsi üçün muzey konservasiyası zamanı Qız Qalasının fasadında abidəyə zərər təşkil etməmək şərti ilə 80-nə yaxın yuvanın saxlanacağı planlaşdırılır.