Qırğızıstandakı azərbaycanlı tələbələrdən 3-ü vətənə dönür
17 İyun 2010 Cümə Axşamı 10:25
Onların yaxın iki gün ərzində Bakıya gələcəyi bildirilir.
Qırğızıstanın cənubunda baş verən toqquşmalarla əlaqədar Cəlalabaddan Bişkekə köçürülən 13 azərbaycanlı tələbədən 3-ü yaxın iki gün ərzində Bakıya dönəcək. Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarovun ANS-ə verdiyi məlumata görə, digər tələbələrin isə Bakıya göndərilməsi məsələsi müzakirə olunur, lazımi sənədlər hazırlanır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda isə deyilir ki, tələbələr hazırda Azərbaycanın Bişkekdəki səfirliyindədirlər və yaxın vaxtlarda Azərbaycana göndəriləcəklər.
Qeyd edək ki, evakuasiya olunan 13 nəfərdən 3-ü Azərbaycan, qalanları isə Gürcüstan vətəndaşıdır. Bunlar 1987-ci il təvəllüdlü Kənan Quliyev, Zeynəddin Kərimov və 1989-cu il təvəllüdlü Mehdixan Həsənovdur. Azərbaycanlı tələbələr Türkiyə tərəfinin iştirakı ilə köçürülüblər və hazırda Bişkekdədirlər. Ümumilikdə rəsmi statistikaya əsasən, Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində 600-ə yaxın azərbaycanlı yaşayır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: