Qırğızıstan ombudsmanı azərbaycanlının müdafiəsinə qalxıb
09 İyun 2010 Çərşənbə 15:25
Tursunbek Akun Vüqar Xəlilov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Qırğızıstan ombudsmanı Tursunbek Akun aprelin 14-də Bişkekdə həbs olunmuş azərbaycanlı, Böyük Britaniya vətəndaşı, “Flexi Communications” özəl şirkətinin rəhbəri Vüqar Xəlilov barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
"Akipress" agentliyinin yaydığı məlumata görə, Vüqar Xəlilovun qardaşı Azər Xəlilov Qırğızıstan ombudsmanına müraciət edərək ədalətin bərpasına yardımçı olmasını xahiş edib. Ombudsman təcridxanaya gedərək Vüqar Xəlilovla görüşüb.
Ombudsman Akun Vüqar Xəlilovun tibb elmləri doktoru Turat Kasımbekov tərəfindən müayinədən keçirildiyini, həkimin əlavə müayinə və müalicə məqsədilə onun təcili xəstəxanaya aparılmasını tövsiyə etdiyini bildirib. Bu diaqnoz Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinin poliklinikasının həkimləri tərəfindən də təsdiqlənib.
Bundan başqa, Baş Prokurorluğun tələbi ilə Respublika Məhkəmə-Tibb Mərkəzinin ekspertləri tərəfindən ekspertiza aparılıb. Ekspertizanın rəyinə əsasən, Vüqar Xəlilovun xəstəliyi ciddidir və o, yalnız xüsusi tibb müəssisəsində stasionar rejimdə müalicə oluna bilər. Bu rəyin iyunun 2-də verilməsinə baxmayaraq, Vüqar Xəlilov hələ də Qırğızıstan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.
Eyni zamanda “Kalım şamı” Hüquq-Müdafiə Mərkəzinin rəhbəri Əzizə Abdirəsulova və “Vətəndaşlar korrupsiyaya qarşı” mərkəzinin direktoru Tolekan İsmayılova da müvəqəti prezident Roza Otunbayevaya müraciət edərək Vüqarı azad etməyə çağırıblar.
Xatırladaq ki, Britaniya vətəndaşı olan Vüqar Xəliliv 2010-cu il aprelin 14-də Qırğızıstanın xüsusi xidməti tərəfindən həbs olunub. Tanınmış peşəkar jurnalist 20 ildən çox “Azadlıq” və BBC radiosunda çalışıb. Aprelin 11-də Qırğızıstan paytaxt prokurorluğu “Flexi Communications” şirkətinin ofisində axtarış aparmağa başlayıb. Yeni hakimiyyət Vüqar Xəlilovu devrilmiş prezidentin oğlu Maksim Bakiyevin yaxın tərəfdaşı adlandırır. O, çirkli pulların yuyulmasında ittiham olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: