Qəzaya uğrayan təyyarənin sərnişinləri Bakıya qayıdıb
13 Avqust 2010 Cümə 12:15
Onlar İstanbuldan iki “Boeing” tipli hava gəmisilə gətiriliblər.
Dünən İstanbul-Bakı reysinə bilet almış sərnişinlər birinci təyyarənin qəzaya uğraması ilə əlaqədar olaraq “AZAL”ın göndərdiyi başqa iki təyyarə ilə Bakıya qayıdıb. Bu barədə ANS-ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Onun sözlərinə görə, sərnişinlərin Bakıya gətirilməsi üçün şirkət İstanbula iki təyyarə - “Boeing-727” və “Boeing-757” markalı hava gəmiləri göndərib. İstanbuldan sərnişinlər Bakıya yerli vaxtla müvafiq olaraq saat 3-də və 7:40-də çatıb. AZAL rəsmisi hazırda qəzanın səbəblərinin araşdırıldığını və birgə komissiyanın təhqiqat apardığını qeyd edib. Qəzaya uğramış “Airbus-319” Türkiyədə təmir olunandan sonra geri qayıdacaq.
Xatırladaq ki, avqustun 12-də Türkiyə vaxtı ilə saat 10:40-da Atatürk Hava Limanında yerə enən təyyarənin uçuş-enmə zolağında dönərkən qabaq şassisi zolağın süni örtüyündən kənara çıxıb. Nəticədə təyyarənin ön hissəsi torpağa oturub. Təyyarədə olan 119 sərnişindən və 8 ekipajdan heç biri xəsarət almayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: