Qəza Xırdalan yarımstansiyasında baş verib
09 Fevral 2010 Çərşənbə Axşamı 15:40
ANS-in çəkiliş qrupu hazırda Xırdalan yarımstansiyasının qarşısındadır
Bu gün saat 11.55 radələrində paytaxt Bakıda enerjinin kəsilməsinə səbəb olan qəza "Azərenerji” ASC-yə məxsus Xırdalanda yerləşən yarımstansiyada baş verib.
ANS-in çəkiliş qrupu hazırda yarımstansiyanın qarşısındadır. ANS TV-nin müxbirinin məlumatına görə, təxminən 100 hektara yaxın böyük əraziyə malik yarımstansiya mühafizə olunur və ölkədə baş vermiş enerji böhranının məhz burdan qaynaqlandığı ehtimal olunur. Yarımstansiyanın qapısında dayanan mühafizəçilər isə həmin hadisənin burada baş vermədiyini bildirirlər. Amma dövlət nömrə nişanlı maşınların stansiyanın ərazisində olması və qapıda FHN-ə məxsus maşınların olması bir daha sübut edir ki, hadisə məhz burada baş verib. Yəni elektrik naqillərinin açılması burada olub. Hazırda ANS-in çəkiliş qrupu hadisələri kənardan izləyir və onun sözlərinə görə, ərazidə işlər gedir və yəqin ki, əməkdaşlar açılmış naqillərin bərpası ilə məşğul olurlar.
Qeyd edək ki, ərazidəki sakinlər ANS müxbirinə bildirib ki, təxminən saat 12.00 radələrinə ərazidə partlayış səsi eşidiblər. Artıq əraziyə yardımçı bərpaedici enerji mühəndisləri cəlb olunub. Onlar ANS-ə bildiriblər ki, paytaxtda bir neçə istiqamətdən gələn enerji xəttlərində açılma baş verib. Bunlardan ikisi məhz bu ərazidədir. Hazırda ərazidə 220 kilovotluq yüksəkgərginlikli xəttdə bərpa işləri aparılır. Bu Mingəçevirdən Xırdalan stansiyasına daxil olan enerjidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: