Qənirə Paşayeva və Sədaqət Qəhrəmanova ön xətdə xidmət edən əsgərlərlə görüşüblər
20 Oktyabr 2011 Cümə Axşamı 16:50
Millət vəkili Qənirə Paşayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Tovuz rayonunda, ön cəbhədə xidmət edən hərbiçilərlə görüş keçiriblər.
APA-nın xəbərinə görə, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə gerçəkləşən görüşdə Qənirə Paşayeva və Sədaqət Qəhrəmanova ön xətdə qulluq edən əsgər və zabitlərlə görüşərək, hərbiçilərin durumu ilə yerindəcə tanış olublar. Q. Paşayeva hərbiçilər qarşısında çıxışında dövlət müstəqilliyimizin bərpası, müstəqilliyin ilk illərində Ermənistanın bəzi güclərin dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal etməsi, bunun acı nəticələri, dövlətimizin ədalətin bərpası məqsədi ilə apardığı ikitərəfli və çoxtərəfli danışıqlar prosesi, beynəlxalq birliyin məsələyə münasibəti və s. məsələlər barədə məlumatlar verib, fikir mübadiləsi aparıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibəti ilə hərbi hissədə quluq edən hərbçiləri təbrik edib.
Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildiriblər. APA
DOSTLARINLA PAYLAŞ: