Qənirə Paşayeva: “Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri hazırlanmalıdır”
24 May 2010 Bazar Ertəsi 15:35
Qənirə Paşayeva: “Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır”.
APA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin üzvü Qənirə Paşayeva Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçirilən “Parlament diplomatiyası - Türk PA” adlı beynəlxalq konfransında çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Qazaxıstanın ortaq tarix və ədəbiyyat dərsliklərinin yaradılmasının, tədris edilməsinin böyük əhəmiyyəti var. Q. Paşayeva, eyni zamanda türkdilli ölkələrin xarici ölkələrdəki diaspor təşkilatlarının da vahid mövqedən çıxış etməsinin, fəaliyyət göstərdikləri ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq etməsinin zəruri olduğunu diqqətə çatdırıb: “Düşünürəm ki, diaspor təşkilatları tərəfindən türkdilli ölkələrin problemləri daim diqqətdə saxlanmalı, bu mövzularda xarici ölkələrdə tədbirlər keçirilməlidir. Bundan başqa, Türkdilli Ölkələrin Parlament Assambleyasının konfransları türk diasporlarının güclü olduğu ölkələrdə də təşkil olunmalıdır”.

Q. Paşayeva həmçinin türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Belə olarsa türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar