Qədim Şəmkirin ərazisi qoruq elan ediləcək
19 Avqust 2010 Cümə Axşamı 22:30
Arxeoloji qazıntılar zamanı üzə çıxarılan şəhər Azərbaycan orta əsr şəhər mədəniyyəti üçün qiymətli tapıntı hesab edilir.
Artıq dördüncü ildir ki, arxeoloji qazıntıların aparıldığı və hər dəfə də yeni tapıntıların aşkar olunduğu orta əsr Şəmkir şəhərinin ərazisinin qoruq elan ediləcəyi gözlənilir. Bununla bağlı təkliflər Mədəniyyət və Turizm Nazirliyində müsbət qarşılanıb və toplanmış sənədlər prezident administrasiyasına göndərilib. Mütəxəssislər deyir ki, arxeoloji qazıntılar zamanı torpağın qatlarından üzə çıxarılan Şəmkir şəhəri ümumilikdə Azərbaycan orta əsr şəhər mədəniyyəti üçün qiymətli tapıntı hesab edilir.
Arxeoloqlar aşkara çıxarılan mədəni irsin qorunmasının vacibliyini önə çəkir və ona görə də qoruq elan edildikdən sonra ərazinin ölkənin turizm marşrutuna salınmasını tövsiyə edirlər. Artıq xeyli hissəsi üzə çıxan şəhər ərazisi özu açıq səma altında bir muzeyə çevrilib. Bir sıra tarixi mənbələrdə gəstərildiyinə görə, VI əsrdə mövcud olan şəhər X əsrdə böyük inkişafa qədəm qoysa da, 1235-ci ildə monqolların yürüşündən sonra darmadağın edilib. Uzun müddət yaşayış olmadığından Şəmkir şəhəri ərazisi xarabalığa çevrilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: