Qəddafidən qan qoxulu bəyanatlar
03 Mart 2011 Cümə Axşamı 02:06
“Biz milyonlarla adama silah paylayacağıq, ABŞ Liviyaya soxulsa qan sel kimi axacaq”
ABŞ və NATO Liviyaya soxulsa, minlərlə ölkə sakini həlak olacaq. Qan qoxuyan bu bəyanatı Liviya inqilabının lideri Müammər Qəddafi Tripolidə tərəfdarları qarşısında ölkədəki inqilabi hadisələrin 34-cü ildönümü münasibətilə çıxışında verib. “Biz amerikalıların və ya Qərbin Liviyadakı hadisələrə qarışmasına imkan verə bilmərik”, - deyə Müəmmar Qəddafi bildirib: “Onlar bunu etsələr, İraq və Əfqanıstanda olduğu kimi qan dəryası alacaqlar. Biz milyonlarla adama silah paylayacağıq. Bu, onlar üçün yeni Vyetnam olacaq”.
Müəmmar Qəddafi növbəti dəfə bəyan edib ki, hakimiyyətdən getmək və vəzifəsini tərk etmək niyyətində deyil. O, Liviyada baş verənlərdə “Əl Qaidə”ni günahlandırıb, silahı yerə qoyan qiyamçılara amnistiya vəd edib. Liviya lideri bildirib ki, ölkədə heç bir nümayiş keçirilmir. O, etiraf edib ki, Liviyada neft hasilatı azalıb və Qərb neft şirkətlərini Çin və Hindistandan olan şirkətlərlə əvəz edəcəyi ilə hədələyib.
Bununla yanaşı, Müəmmar Qəddafiyə sadiq qoşunlar Breqa şəhərinə tank və artilleriyanın köməyi ilə hücumları davam etdirir. Şahidlərin sözlərinə görə, şəhər artıq bir dəfə əldən-ələ keçib. Liviyanın bir sıra başqa şəhərləri də hava hücumlarına məruz qalıb.
Liviya İnsan Hüquqları Liqasının məlumatına görə, ordunun qiyamçılara qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 minə yaxın aadm həlak olub. Həlak olanlardan 3 min nəfəri paytaxt Tripolinin, 2 min nəfəri isə Benqazinin pyına düşür.
DOSTLARINLA PAYLAŞ: