Qəddafi qiyamçılara xəbərdarlıq etdi
18 Mart 2011 Cümə 01:50
“Hərbçilər silahı yerə qoyan və hücumdan əvvəl şəhəri tərk edən qiyamçılara da toxunmayacaqlar”
Liviya lideri Müammər Qəddafi bəyan edib ki, onun qoşunları bu gecə Benqaziyə girəcək və şəhəri əlində saxlayan qiyamçılara qarşı amansız olacaq. “Reuters” agentliyinin məlumatına görə, Qəddafi bu bəyanatla xalqa radio müraciətində çıxış edib. “Əsgərlər Benqazidə hər bir evi axtaracaqlar. Amma silahsız dinc sakinlər narahat olmasınlar. Hərbçilər silahı yerə qoyan və hücumdan əvvəl şəhəri tərk edən qiyamçılara da toxunmayacaqlar”, - deyə Liviya lideri bildirib. O, Benqazidəki silahlı müxalifətçilərə əvf müqabilində təslim olmağı təklif edib.

Qeyd edək ki, son günlər hökumət qoşunları Liviyanın qərbində irimiqyaslı əməliyyatlar həyata keçirirlər. Nəticədə qiyam qaldırmış Ras-əl-Anuf və Marsa-əl-Bureyka şəhərləri şəhərləri ələ keçirilib. Qəddafinin qoşunları qiyamın qalası - Liviyanın böyüklüyünə görə ikinci şəhəri Benqaziyə yaxınlaşıblar. Şəhərin Qəddafiyə loyal qoşunlar tərəfindən ələ keçiriləcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar