Qəbələ RLS-in statusu ilə bağlı növbəti danışıqlar olub
16 Fevral 2012 Cümə Axşamı 11:49
Moskvada məsələ ilə bağlı Azərbaycan Rusiya nümayəndə heyəti görüşüb.
Rusiya Müdafiə Nazirliyində Qəbələ radiolokasiya stansiyasının (RLS) statusu ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib. ANS PRESS-in Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Rusiya müdafiə naziri Anatoli Serdyukov Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Qəbələ RLS-in statusu, prinsipləri və istifadə şərtlərinin əks olunduğu dövlətlərarası müqavilənin müddətinin uzadılmasına dair müzakirələr aparıb.
Məsələ ilə bağlı tərəflər sənədin tezliklə imzalanması üçün danışıqların davam etdirilməsinə dair razılığa gəliblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində Y. Eyyubov ilə birgə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər şəxslər iştirak edib.
Xatırladaq ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib.
DOSTLARINLA PAYLAŞ: