QAT Müdafiə Nazirliyinin qarşısında aksiya keçirib
21 İyul 2010 Çərşənbə 15:45
Müdafiə nazirinin müavini və mətbuat xidmətinin rəisi aksiya iştirakçıları ilə görüşüblər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü şəhid gizir Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbi ilə Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Təşkilatdan ANS PRESS-ə verilən məlumata görə, nazirliyin qarşısında “Qəhrəmanın cəsədini döyüşlə qaytarmalı!” və digər şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

Müdafiə nazirinin müavini, polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxaraq nazirliyin bu istiqamətdə gördüyü işlərlə bağlı onlara məlumat veriblər. QAT üzvləri isə öz növbələrində hələ də nəticənin olmamasından narazılıqlarını bildirərək konkret və qətiyyətli tədbirlərin görülməsini tələb ediblər.

Qeyd edək ki, bundan öncə təşkilat üzvləri saat 12:00 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi qarşısında toplaşaraq bu qurumun Bakı nümayəndəliyinin bağlanılması tələbi ilə çıxış ediblər. Aksiya zamanı “Rədd olsun BQXK!” şüarları səsləndirilib, plakat qaldırılıb. Aksiyanın sonunda BQXK nümayəndəliyinin giriş-çıxış qapıları zəncirlənərək qıfılla bağlanıb. Bununla aksiya iştirakçıları təşkilat nümayəndəliyinin Azərbaycanda fəaliyyətindən narazı olduqlarını, şəhid gizirin meyitini geri almaq üçün heç nə etmədiklərini və ona görə də onların fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyacın olmadığını bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar