Rusiyadan Qarabağa səyahət turlarının qarşısı alınıb
19 Noyabr 2010 Cümə 11:05
Moskvadan işğal olunmuş ərazilərə 3 günlük səyahətlər təşkil olunurmuş
Rusiyanın Moskva şəhərində “Astravel” şirkətinin “Ermənistanın qızıl halqası” 14 günlük turu tərkibində Azərbaycanın işğal edilmiş ərazilərinə də 3 günlük səyahətlərin təşkil edildiyi bildirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar, Azərbaycanın Rusiyadakı səfirliyi sözügedən şirkətin prezidenti Valeri Loşşitsə müraciət edib və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkil edilməsinin qeyri-qanuni olduğunu izah edib.
“Astravel” şirkətinin müxtəlif bəhanələrinə baxmayaraq, səfirlik işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səyahətlərin təşkil edilməsinin qəbulolunmazlığını qəti şəkildə vurğulayıb və bu cür səyahətlər zamanı Rusiya vətəndaşlarının təhlükə altına qoyulmasını qeyd edib.
Səfirlik tərəfindən aparılmış işin nəticəsində şirkətin prezidenti V.Loşşits işğal edilmiş ərazilərə səyahətlərin dayandırıldığını bildirib.
DOSTLARINLA PAYLAŞ: