Qarabağ və Ermənistana həsr edilmiş jurnalın satışı qadağa edilib
16 İyul 2011 Şənbə 19:06
Ukraynanın "Image" iş jurnalının xüsusi buraxılışının satışına icazə verilməyib.
Məlum olduğu kimi Ukraynanın beynəlxalq iş jurnalı “Image” Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə buraxılışı tamamilə Ermənistana və Dağlıq Qarabağ separeatçı rejiminə həsr edilmiş, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunmuş, Türkiyə əleyhinə qondarma soyqırımla bağlı məqalələr yerləşdirilmiş xüsusi nömrə buraxmışdı. Azərbaycan və Türkiyənin böyük etirazına səbəb olan jurnalın bu buraxılışının satışına artıq qadağa qoyulub.
Beləliklə, Türkiyənin Ankaradakı Səfirliyinin səyləri nəticəsində beynəlxalq iş jurnalı “Image”də qondarma yazılar yer alan xüsusi nömrəsinin satışına Ukrayna hakimiyyəti qadağa qoyub.
“Cihan” agentliyinin verdiyi məlumata görə, Türkiyənin Kiyevdəki səfiri Əhməd Bülent Meriç qondarma erməni soyqrımı ilə bağlı jurnalda nəşr edilən məqalələrlə bağlı etirazını bildirib. Səfirlik Ukrayna Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərib və "İmage" jurnalının xüsusi buraxılışının satışdan çıxarılmasını tələb edib.
Bundan başqa türkiyəli səfir Ukrayna XİN-ə "İmage" juranlının saytının baş səhifəsində Türkiyənin uydurma erməni soyqırımı ilə bağlı rəsmi mövqesinin əks olunduğu məqalənin çıxarılmasını da tələb edib.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın Kiyevə səfəri ilə əlaqədar "İmage" juranlının növbəti xüsusi buraxılışı bu ölkənin Ukraynadakı Səfirliyinin vasitəçiliyi ilə Ermənistan və Dağlıq Qarabağa həsr edilmişdi.
Xatırladaq ki, Azərbaycanın Ukraynadakı Səfirliyi də bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etmişdi. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov məlumat verib. Notada qeyd olunmuşdu ki, Ukraynanın “İmage” jurnalında çap edilmiş yazı Azərbaycanın tarixinə və ərazi bütövlüyünə qarşı yönəlmiş böhtan xarakteri daşıyır, bu cür yazıların dərc ediməsi yolverilməzdir.
Ukraynanın “İmage” jurnalında Azərbaycanla bağlı dərc edilmiş qərəzli məqalə ilə əlaqədar Azərbaycanın Ukraynadakı Səfirliyi də açıqlama ilə çıxış etmişdi.
Səfirlikdən daxil olmuş açıqlamada deyilir: “Ukraynanın “İmage” jurnalının Ermənistan səfirliyi tərəfindən hazırladılmış xüsusi buraxılışında Azərbaycana olan ərazi iddiaları və Dağlıq Qarabağ tarixinin qəsdən saxtalaşdırılması ilə əlaqədar məlumatlara etiraz əlaməti olaraq Ukraynadakı səfirliyimiz tərəfindən bir sıra tədbirlər görülüb. İlk olaraq Ukraynanın Xarici İşlər Nazirliyinə və qeyd olunan jurnalın redaksiyasına etiraz məktubları göndərilib. Daha sonra Ukrayna xarici işlər nazirinin müavini və nazirliyin İnformasiya İdarəsinin rəisi ilə görüşlər keçirilib və narahatlığımız qarşı tərəfə çatdırılıb. Ukrayna rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın rəsmi mövqeyinin ölkə prezidenti Viktor Yanukoviç tərəfindən dəfələrlə səsləndiyi kimi - “Ukrayna Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həll olunmasının tərəfdarıdır” qaldığını bildirib. Kommersiya məqsədilə çap edilən və jurnalın üst qabığında Ermənistan səfirliyinin adının qeyd olunmasının bu xüsusi buraxılışın bilavasitə səfirliyin dəstəyi ilə hansı məqsədlə çap olunduğunu göstərir. Ukrayna oxucuları arasında reytinqi olmayan jurnalın qeyd olunan nüsxəsinin çapı daha çox Ermənistan səfirinin öz ölkəsinə hesabat verməsi üçün atılmış bir addımdır.
“İmage” jurnalının redaksiyasından aldığımız məktubda isə jurnalın qeyd olunan sayındakı bütün materialların Ermənistan səfirliyi tərəfindən təmin edildiyi və Azərbaycan səfirliyi ilə redaksiya arasında yaranmış konflikti aradan qaldırmaq üçün jurnalın satışa çıxarılmayacağı bildirilib”. anspress
DOSTLARINLA PAYLAŞ: