Qarabağ üzrə danışıqlar dalana dirənib
08 Dekabr 2010 Çərşənbə 13:15
İnternet-resurs ABŞ-ın Parisdəki səfirliyinin teleqramını açıqlayıb
Fransa hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dalana dirənib. “Wikileaks” internet-resursunun açıqladığı ABŞ-ın Parisdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Endryu R.Yanqın 2010-cu il 22 fevral tarixli teleqramı buna şahidlik edir.
Sənəddə Fransa Xarici İşlər Nazirliyinin Şərqi Avropa şöbəsinin rəhbəri Rolan Qalaraqanın ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə müavini Aleksandr Yerşbou və ABŞ dövlət katibinin Avrasiya regionu üzrə köməkçisi Spenser Boyerlə şəxsi görüşünün təfərrüatlarından sitat gətirilir. Söhbət zamanı Qalaraqa ehtimal edir ki, Dağlıq Qarabağ üzrə danışıqlar dalana dirənib və “ATƏT-in Minsk qrupu hərəkət etmir”. O bildirib ki, “hazırda Fransa hakimiyyətinin ermənilərə təzyiq göstərmək imkanları yoxdur, çünki, erməni mənşəli Fransa vətəndaşları təqribən 500 min səsə sahibdirlər, Fransada isə regional seçkilər martda baş tutmalıdır”.
Onun zənnincə, Qafqaz regionuna tezliklə təsir göstərə biləcək digər amillər isə İrandakı qeyri- sabitlikdir.
“Azərbaycan, Ermənistan və Türkmənistan İranla ticari və enerji əlaqələri məsələlərində mühüm rol oynayır və onlar İrana qarşı hazırda ABŞ Konqresində nəzərdən keçirilən qadağalardan bilavasitə əziyyət çəkə bilərlər. Eyni zamanda, BMT-də daha sərt qadağaların qoyulmasına göstərilən səylər bu üç ölkə ilə onların İrana yanaşması ilə bağlı gələcək qarşılıqlı fəaliyyət üçün imkan yarada bilər”, - deyə Rolan Qalaraqa istinadən bildirilir.
DOSTLARINLA PAYLAŞ: