Qarabağ separatçıları narkotiklərin tranzitindən əldə etdikləri vəsaitlərlə silah alırlar
22 İyun 2011 Çərşənbə 14:06
Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bəyan edib.
Dağlıq Qarabağda separatçı rejim Əfqanıstan narkotiklərinin satışından əldə etdiyi vəsaitləri silah alınmasına istifadə edir. Bu barədə baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bəyan edib.
“Dağlıq Qarabağda separatçı rejim Əfqanıstan narkotiklərinin İrandan Rusiya və Qərbi Avropa ərazisinə tranzitini həyata keçirir və əldə etdiyi pulu silah alınmasına istifadə edir”, - deyə Ə.Həsənov çərşənbə günü Bakıda narkomanlıqla mübarizə üzrə konfransda çıxış edərək bildirib.
“Bununla əlaqədar olaraq Azərbaycan BMT-dən bu marşrutu öz hesabatına əlavə etməyi tələb edir”, - deyə o vurğulayıb.
Baş nazir müavininin sözlərinə görə, narkotiklər İrandan Bakının erməni işğalına görə nəzarət etmədiyi Azərbaycan-İran sərhədinin 130 kilometrlik hissəsi vasitəsilə Dağlıq Qarabağa daxil olur. Bundan başqa, Əfqanıstan narkotiklərinin qaçaqmalçılığı üzrə daha 3 marşrut var - Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Pakistan-Azərbaycan, Əfqanıstan - Orta Asiya-Azərbaycan.
Baş nazir müavininin sözlərinə görə, Dağlıq Qarabağa daxil olan narkotiklərin bir hissəsi Rusiyaya və Qərbi Avropaya göndərilir, yerdə qalan hissəni isə separatçı rejim öz istifadəsi üçün saxlayır.
Bundan başqa, Ə.Həsənov qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları narkotiklərin tranziti ilə kifayət qədər effektiv mübarizə aparırlar. Təkcə ötən il 2 tona qədər narkotik vasitə Daxili İşlər Nazirliyi, 1 ton 200 kiloqrama qədər Milli Təhlükəsizlik Nazirliyi, 359 kiloqram Dövlət Sərhəd Xidməti, 300 kiloqrama qədər Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunub. 350 ton isə təbii yolla bitən narkotik vasitə aşkar olunaraq məhv edilib
Bununla yanaşı, Ə.Həsənov jurnalistlərlə söhbətində bildirib ki, narkomanlıq Azərbaycanda geniş vüsət almayıb, amma bu vəziyyətə nəzarəti zəiflətmək üçün səbəb deyil. “Biz narkomanlıqla mübarizəni zəiflətməməliyik, çünki ötən il ölkədə qeydiyyata alınmış narkomanların sayı 2,5 min nəfər artaraq 26 min nəfərə çatıb”, - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: