“Qarabağ problemi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq”
27 Oktyabr 2010 Çərşənbə 10:45
Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan belə deyib.
Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına (NMR) səfərə gəlib. Nümayəndə heyətinə Türkiyənin dövlət rəsmiləri, NMR ilə həmsərhəd vilayətlərin rəhbər vəzifəli şəxsləri, işgüzar dairələrin 90-a yaxın nümayəndəsi daxildir. İkigünlük səfər çərçivəsində iş adamlarının iştirakı ilə biznes forumunun keçirilməsi nəzərdə tutulub.

Həmin gün NMR Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Muxtar Respublikada qonaqları qarşılayan Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov ikitərəfli əlaqələrdən danışıb. Ali Məclisin sədri Türkiyənin Naxçıvan Muxtar Respublikasına daim diqqətlə yanaşdığını bildirib. Vasif Talıbov iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulayıb, Azərbaycan və Türkiyə diasporunun birgə əməkdaşlığının bir çox erməni təxribatlarının qarşısının alınmasında fayda verdiyini bildirib, oktyabrın 26-27-də Naxçıvanda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumunun işini əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Zəfər Çağlayan ölkələrimiz arasında dost və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından danışıb: “Son illərdə Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi əlaqələrin dərinləşməsi dinamik xarakter alıb. Nəqliyyat magistralının birləşdirilməsi, avtomobil nəqliyyatı və hava reyslərinin açılması, kommunikasiya xidmətlərinin genişləndirilməsi strateji əməkdaşlığın təzahürü kimi qiymətləndirilə bilər. Hazırda bölgədə hər iki ölkənin iştirakı ilə digər mühüm layihələr həyata keçirilir. Türkiyə Respublikası Naxçıvan Muxtar Respublikası ilə balanslaşdırılmış ticarət dövriyyəsinin həcmini artırmağı nəzərdə tutur”.

Türkiyənin dövlət naziri bu məqsədlə Şərqi Anadoludan – Qars, İğdır, Van, Ağrı, Muş və başqa bölgələrdən müxtəlif şirkətləri təmsil edən iş adamlarının Naxçıvana gəldiyini, səfər çərçivəsində bir sıra protokolların imzalanacağını bildirib.

Qeyd edilib ki, Türkiyə Naxçıvanın inkişafında, möhkəmlənməsində maraqlıdır. Bölgədə siyasi sabitliyin, iqtisadi potensialın olması qarşılıqlı əməkdaşlığın inkişafına imkan verir.
“Azərbaycanın işğal edilmiş torpaqları azad edilməyincə Qafqazda sülhün bərqərar olması mümkün deyil”, - deyən Zəfər Çağlayan vurğulayıb ki, Dağlıq Qarabağ problemi həll olunmayınca Türkiyə ilə Ermənistan arasında hər hansı əlaqənin yaradılmasından söhbət gedə bilməz. Çünki böyük Mustafa Kamalın dediyi kimi, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”.

Sonra NMR Ali Məclisinin sədri Vasif Talıbov və Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın iştirakı ilə jurnalistlər üçün brifinq keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar