Qarabağ münaqişəsinin həll ilə bağlı sülh müqaviləsi bazası üzərində iş aparılır
20 Mart 2012 Çərşənbə Axşamı 14:57
Minsk qrupunun rusiyalı həmsədri İqor Popov RİA-Novosti-yə müsahibəsində belə deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi olduqca intensiv gedir. Trend-in Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov RİA-Novosti-yə müsahibəsində bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri müzakirə edilir ki, bu da gələcək sülh müqaviləsinin hazırlanması üçün baza olmalıdır", - Popov deyib.
Popov xatırladıb ki, son bir il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında üç görüş keçirilib. Bu görüşlərdə prezidentlər onlarda fikir ayrılıqları yaradan məsələlər üzrə mövqelərini dəqiqləşdirə biliblər. Onun sözlərinə görə, artıq razılaşdırılan məsələlərlə müqayisədə onlar çox da deyil, lakin həmin məsələlər daha mürəkkəbdir.
Popov qeyd edib ki, yanvarda Soçidə keçirilən sammitdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan indiyə qədər görülmüş işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılığın əldə olunmasını sürətləndirmək niyyəti haqqında bəyanat verdilər.
"Bu mövqe onu təsdiq edir ki, tərəflər nəinki sülh prosesinin davam etməsinə hazırdırlar, həmçinin bu prosesin gözlənilən nəticəni verməsi üçün güc sərf etmək niyyətindədirlər", - rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, danışıqlarda vasitəçi qismində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa çıxış edirlər və onlar münaqişənin həllini yalnız sülh yolu ilə görürlər.
"Dovildə keçirilən "Səkkizlik qrupu"nun ötənilki sammitində bizim üç ölkənin liderlərinin dediyi kimi güc tətbiqi indiki qarşıdurma və qeyri-sabit şəraitin yaranmasına gətirib çıxardı. Onun təkrar tətbiqi yalnız yeni iztirablar gətirəcək və beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunacaq", - o vurğulayıb.
"Vasitəçilərin rolu böyükdür. Bu, həmçinin kömək etmək hazırlığı, "çiyini söykəmək", açılma variantlarını təklif etməkdir. Həmçinin, bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, razılıq əldə etmək, ilk növbədə, münaqişə tərəflərinin özlərinin xoş məramından asılıdır", - Popov deyib.
Həmsədrin sözlərinə görə, Rusiya ənənəvi olaraq sülh prosesində fəal iştirak edir - Rusiyanın birbaşa vasitəçiliyi ilə 1994-cü ilin mayında münaqişənin "qaynar" fazasını başa çatdırmağa imkan verən atəşkəs haqqında saziş imzalandı.
"Son illər Rusiya hakimiyyəti özünün Bakı və İrəvanla münasibətlərindən həmsədrlərin razılaşdırdığı yanaşmalar məcrasında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri formatında da açılmalar axtarmağa çalışmaq məqsədilə istifadə edir. Bu yolda vacib mərhələ 2008-ci ildə qəbul edilmiş Moskva bəyannaməsi oldu. Bu, münaqişənin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin imzası olduğu ilk və hələlik yeganə sənəddir", - Popov deyib.
Onun sözlərinə görə, sənəddə tərəflərin beynəlxalq hüququn norma və prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması ilə regionda sabitlik və təhlükəsizlik şəraitinin yaradılmasını təmin etmək niyyəti dəqiq ifadə edilib.
Həmsədr xatırladıb ki, 2008-2012-ci illərdə Rusiya Prezidenti Dmitri Medvedev həmkarları ilə 10-dan artıq görüş keçirib.
"Siyasi nizamlanmadan savayı, tərəflər arasında, o cümlədən təmas xəttində qarşılıqlı münasibətlərdə gərginlyi azaltmaqla bağlı məsələlər müzakirə edilib və qərarlar qəbul edilib. Son il yarım ərzində əldə edilən razılışmalar arasında əsirlərin və həlak olmuş hərbçilərin cəsədlərinin dəyişdirilməsi, münaqişə zonasında hərbi insidentlərin araşdırılması və humanitar əlaqələrin təşkili olub", - Popov qeyd edib.
Həmsədr hesab edir ki, araşdırmalar mövzusunun inkişafında Minsk qrupunun həmsədrləri müvafiq qanun hazırlayıblar. Qanun araşdırmanın keçirilməsi qaydalarını tənzimləyir. Qaydalar hazırda ATƏT-in hərbi ekspertləri tərəfindən "çatdırılır".
"Güman edirəm ki, bu mexanizmin praktiki olaraq işə salınması insanların, o cümlədən uşaqlar daxil olmaqla mülki əhalinin ölümünə səbəb olan atəşkəs rejiminin pozulması hallarının sayını azaltmağa imkan verəcək", - o deyib.
Popov hesab edir ki, ziyalılar, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun bərpa edilməsi iki qonşu xalq arasında "körpülərin salınması"na kömək edir.
"Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu yaxınlarda Moskvada bir neçə belə görüş təşkil edib. O cümlədən "Müzikl Teatrı"nın açılışı, habelə İctimai Palatada "Millətlərarası dialoqun möhkəmləndirilməsi və münaqişələrin nizamlanmasında cəmiyyət və mədəni əməkdaşlığın rolu" mövzusunda "dəyirmi masa"nın keçirilməsi çərçivəsində belə görüşlər təşkil edilib", - Popov deyib.
Onun sözlərinə görə, lakin hazırda Rusiyanın həmsədrliyinin əsas mövzusu digər həmsədr ölkələrlə sıx koordinasiyada həyata keçirilən münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində işdə tərəflərə kömək göstərməkdir.
"Prezidentlərin görüşləri arasındakı fasilələrdə xarici işlər nazirləri işləyir. Onların görüşü daimi xarakter daşıyır. Tərəflərə variantlar təqdim edilir. Kollektiv şəkildə mümkün güzəştlərin axtarışı aparılır. Ümid edirəm ki, tərəflərin konstruktiv yanaşması halında, əvvəlki illə müqayisədə bu il irəliləyiş olacaq", - o bildirib.
DOSTLARINLA PAYLAŞ: