«Hadisələrin gedişi, Türkiyənin mövqeyi, ABŞ prezidentinin Türkiyəyə səfəri və orada olan açıqlamalar onu göstərir ki, Türkiyə-Ermənistan sərhədləri açılacaq və Türkiyə Ermənistan ilə diplomatik əlaqələr quracaq. Amma Türkiyənin bunun müqabilində nə alacağı bilinmir. Heç kim buna inanmaq istəmir. Ancaq təssüf ki, mən bu məsələdə optimist ola bilmirəm».
Bu fikri ANS PRESS-ə son günlər mətbuatda geniş yer almış Ermənistan -Türkiyə sərhədlərin açılacağı ilə bağlı məlumatları şərh edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, bir tərəfdən Qarabağ münaqişəsi, bir tərəfdən sərhədlərin açılması, digər tərəfdən isə qondarma soyqırım məsələsi siyasi sövdələşmə - alver predmetinə çevrilib və burada uduzan tərəf Türkiyə ilə Azərbaycan olacaq.
«İstənilən vəziyyətdə Ermənistan uduşdadır. Ermənistan qondarma soyqırım məsələsinin aradan çıxarılmasına nail olub. Ermənistan bu gün təcrid olunmuş vəziyyətdədir və onun Türkiyə vasitəsi ilə Avropa və Qərb ilə əlaqələri bərpa etmək üçün bu ölkə ilə münasibətlərin normallaşmasına böyük ehtiyacı var. Bu vəziyyətdə Türkiyənin belə bir addım atması məncə, özünü aldatmaqdan başqa bir şey deyil».
QAT sədri sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir göstərəcəyini bildirib. «Konkret olaraq burada söhbət ondan gedir ki, Türkiyə Ermənistan ilə razılaşma yolunu tutub. Qarabağ məsələsinin qabardılmaması bu məsələnin Türkiyə üçün önəmli olmadığını nümayiş etdirir. Bu, Ermənistanın maraqlarına uyğundur».
A. Nağı bu yolla Ermənistanın həm sərhədlərin açılması ilə bağlı tələblərinin yerinə yetirilməsinə, eyni zamanda da Türkiyənin Qarabağ məsələsində güzəştə getməsinə nail olduqlarını qeyd edib. Onun fikrincə, burada məsələnin iki tərəfi var. «Türkiyənin bütün mərhələlərdə Qarabağla bağlı konkret mövqe tutması Ermənistanı müəyyən qədər güzəştlərə getməyə məcbur edirdi. Bu məsələnin bir tərəfidir. Digər tərəf isə ondan ibarətdir ki, Qarabağ məsələsinin arxa plana keçməsi Ermənistanın digər istiqamətlərdə, o cümlədən regional layihələrdə iştirakı üçün yol açır».
Təşkilat rəhbəri məhz bu iki amilin təsiri altında Qarabağ məsələsinin uzun müddətə arxa plana keçirilə biləcəyini, bunun da Azərbaycana sərf etmədiyini bildirib. Akif Nağı son vaxtlara kimi sərhədlərin açılmasında Rusiyanın təsirinin olduğunu güman edildiyini vurğulayıb. Çünki Türkiyə regionda Rusiya ilə birlikdə əməkdaşlıq etmək xəttini götürmüşdü. «İndi aydın olur ki, bu daha çox Amerikaya lazım idi. Bunun müqabilində Türkiyə Amerikadan nə alacaq? PKK ilə bağlı hər hansı güzəşt? Obama az qala Türkiyənin Avropa Birliyinə qəbul edilməsində lobbiçilik etdiyini də nümayiş etdirdi. Məncə, Türkiyə qeyri-müəyyən vədlər müqabilində bu güzəştə gedir. Mən burada başqa bir məqamın təsirini hiss etmirəm»./ANS PRESS/