Qarabağ məsələsində yeni faza?
15 Fevral 2010 Bazar Ertəsi 18:00
Akif nağı: "Qarabağı qaytarmağın yeganə yolu müharibədən keçir"
Qarabağ məsələsi ətrafında Rusiyanın fəallaşması cəmiyyətdə yanlış təsəvvürlər yaradır, yalançı ümidlər doğurur. Əslində isə bu fəallıq Rusiyanın həqiqi niyyətlərinin gizlədilməsinə yönəlib. Son Soçi görüşü ətrafında yaradılan süni ajiotaj da bizi bu məsələyə qayıtmağa məcbur edir. Məsələnin mahiyyəti ilə bağlı dəfələrlə deyilmiş fikri bir daha təkrar edirəm:

Qarabağ məsələsini Rusiya yaradıb, bu məsələdən öz məqsədləri üçün kifayət qədər bəhrələnib və bəhrələnməkdə davam edir. Rusiya Qarabağa öz “damğa”sını vurub və istəyir ki, onun “damğaladığı” Qarabağa heç kəs əl uzatmasın, Qarabağın yalnız onun siyasətində alət olduğunu hamı qəbul etsin. Bu həqiqət, məncə, hamı üçün aydındır. Amma nədənsə özümüzü vaxtaşırı aldatmağa imkan verir, illyuziyalara qapılır, aldanmağa meylli tərəf kimi görünürük. Belə olmasaydı, hər dəfə Rusiya tərəfinin təşkil etdiyi görüşlərin nəticəsini intizarla gözləməz geniş ictimai müzakirələr təşkil etməzdik. Qəribədir ki, hətta ciddi siyasətçilər tərəfindən də Rusiyanın necə deyərlər, insafa gətirilməsi ümidi ilə ona güzəştlərin edilməsi, tələblərin yerinə yetirilməsi, hərbi bazaların qaytarılması ətrafında təkliflər səsləndirilir və bu, Qarabağın geri qaytarılması üçün çıxış yolu kimi təqdim olunur. Bu mövqenin tərəfdarları, deyəsən Rusiya imperiyasının mahiyətini unudublar.

Bir xatırlatmanı yada salmağa məcburam: 1920-ci ildə Əliheydər Qarayev Azərbaycan parlamentinin son iclaslarında israrla bildirirdi ki, qırmızı ordu gəlməsə, Qarabağın taleyini həll edə, erməni iddialarının qarşısını ala bilməyəcəyik. Mən Əliheydər Qarayevi xəyanətdə suçlamıram, bu, onun əqidəsi idi, bu, onun rus ilğımına inamı, özünü aldatması idi. Rusların qırmızı ordusu gəldi, dərhal Zəngəzuru ermənilərə peşkəş etdi (Əliheydər Qarayev Zəngəzurun Azərbaycandan alınıb ermənilərə veriləcəyini heç ağlına da gətirmirdi), Qarabağın dağlıq hissəsini də ermənilərə verə bilərdi, amma sonrakı bazarlıq üçün “muxtar qurum” formasını seçdi. Əslində 5-10 min erməniyə muxtariyyət verilməsi həmin ərazinin Ermənistana verilməsi demək idi. “Dağlıq Qarabağ” adlandırılan ərazi Azərbaycanın tərkibində formal olaraq saxlanılırdı. Bu, bir faktdır ki, sovetlərin 70 ili ərzində Dağlıq Qarabağda Azərbaycan qanunları, demək olar ki, işləmirdi. Orada yaşayan azərbaycanlılar isə daim ermənilərin təzyiq, təhdid və təqibləri, əsl soyqırım siyasəti altında idilər. Bu, Moskvanın himayə etdiyi bir siyasət idi. 70 il ərzində Moskva Dağlıq Qarabağdakı erməniləriin separatçı hərəkətlərini himayə edir, həvəsləndirir və sönməyə qoymurdu. Təsadüfi deyil ki, keçmiş SSRİ-nin hər hansı yerində millətçi, separatçı meyllərə istənilən cəhd, hətta qəzet səhifələrində gedən xırda bir yazıya görə dərhal cəza tədbirləri tətbiq edilirdi. Amma Dağlıq Qarabağdakı ermənilərin yazdıqları və törətdiklərinə görə kiminsə cəzalandırılması haqda heç bir məlumat yoxdur. Ermənilər isə bu cür cəzasızlıq şəraitində vaxtaşırı millətçilik və separatçılıq ruhunda yazıları dərc etdirir, vərəqlər yayır, azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarır, hətta qətllər törədir, Moskvaya göndərdikləri müraciətlərin isə ardı-arası kəsilmirdi. Ona görə də bu siyasətin razılaşdırılmış şəkildə həyata keçirilməsinə şübhə yeri qalmır.

1988-ci ildə başlanan hadisələr də həmin siyasətin davamıdır. Bir qədər çeynənmiş olsa da, bir daha təkrar edirəm ki, Rusiya Qarabağı, ya da Qarabağ məsələsini nəzarətdə saxlayır və öz məqsədləri üçün istifadə edir. Moskvanın istifadə etməsi baxımından Qarabağ münaqişəsinin 3 fazasını fərqləndirmək olar: 1988-1994-cü illər (qaynar faza), 1994-cü ildən bu günə qədər davam edən atəşkəs fazası və əlamətləri görünən yeni faza.

Qaynar fazaya, yəni hərbi əməliyyatların davam etdiyi dövrə ötəri baxış Moskvanın nə cür oynadığını aydın şəkildə göstərir. Moskva bu fazanın sonuna qədər heç bir tərəfin tam üstünlük qazanmasına imkan vermir, “növbəli uğur” taktikasını həyata keçirirdi. Kreml 1991-ci ilin yaz-yayında Azərbaycan tərəfinin Çaykənd-Qarabulaq-Hadrut istiqamətlərində uğurlu hərbi əməliyyatlar keçirməsinə, ermənilərin möhkəmləndirilmiş hərbi bazalarını ləğv etməsinə, xeyli ərazini azad etməsinə maneçilik törətmədi. Azərbaycanın hərbi uğurları qarşısında ermənilər çətin vəziyyətə düşdülər və barışmaz mövqelərindən geri çəkilərək kompromis axtarışlarına başladılar. Partiya funksioneri Valeri Qriqoriyan başda olmaqla Xankəndindən Bakıya iyul ayında nümayəndə heyəti göndərildi. Bu nümayəndə heyətinin gətirdiyi təkliflər Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması və bu müstəvidə danışıqların davam etdirilməsini nəzərdə tuturdu. Kreml dərhal məsələyə müdaxilə etdi. Mixail Qorbaçov Levon Ter-Petrosyanı iyulun 20-də Novo-Oqaryovaya dəvət etdi. Novo-Oqaryova görüşündən sonra ermənilər yenidən iddialı tərəfə çevrildilər. Nümayəndə heyətinin rəhbəri Qriqoryan Xankəndinə qayıdandan az sonra avqustun 10-da qətlə yetirildi. Sentyabrın 2-də isə ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan etdilər. Ermənilər sentyabr-noyabr ayları ərzində rusların birbaşa hərbi yardımı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin demək olar ki, hamısını ələ keçirdilər.

Qaynar fazada rusların siyasəti ilə bağlı ikinci xarakterik nümunə 1992-ci ilin yay-payız hərbi kompaniyası ilə bağlıdır. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Dağlıq Qarabağın əksər hissəsi düşməndən azad edildi. Robert Koçaryan özü də sonralar etiraf edirdi ki, “vəziyyət dəhşətli idi, Azərbaycan qoşunları Qarabağın 48 faizini tutmuşdu”. 1992-ci ilin yayında ermənilər böyük dəstələrlə qaçır, Xankəndinə doğru axışırdılar. Ermənilərin özlərinin çəkdikləri videolentlər bu axını əyani şəkildə göstərir. Yaşlı bir erməni qadını kameraya qışqırırdı: “Kim bizi lənətləmişdir? Biz yiyəsiz yetimlərikmi ki, bizə belə əzab verirlər?” Yenə də Moskva faktoru işə düşdü. Tanınmış ingilis müəllifi Tomas de Vaal yüksək səviyyəli bir erməni məmurunun etirafını çatdırır: “Stepanakertə (Xankəndinə) doğru gələn qaçqın sürüsünün qarşısını almaq mümkün deyildi, şəhərin müdafiəsi yox dərəcəsində idi, bu axının, fəlakətin qarşısını ruslar aldılar, rus döyüş vertolyotları havaya qalxdılar, azərbaycanlılara ağır zərbə vurdular, bundan sonra hücum dayandı”.

Moskvanın bu taktikasına dair başqa misallar da çəkmək olar. Amma bunlar da kifayət edir. Göründüyü kimi, Moskvanın qaynar fazada tutduğu mövqe tərəflərdən heç birinin tam üstünlük qazanmamasına, hərbi əməliyyatların növbəlilik əsasında davam etdirilməsinə, qanlı hadisələrlə düşmənçiliyin daha da dərinləşdirilməsinə, barış imkanlarının heçə endirilməsinə, münaqişə vəziyyətinin qorunub saxlanılmasına yönəlib. Bu fazanın davam etdirilməsi hadisələri Rusiyanın nəzarətindən çıxara bilərdi. Türkiyənin müdaxiləsi artıq geniş miqyas alırdı, əfqan, çeçen amillərinin də təsiri güclənirdi, Rusiyanın ehtiyat etdiyi ən təhlükəli variant isə silahı İslam qruplaşmalarının bölgəyə gəlişi ehtimalı ilə bağlı idi. Ona görə də Moskva ermənilərin hərbi üstünlüyü ilə qaynar fazanı qapamaq qərarına gəldi.

Atəşkəs sazişi də ABŞ-ın, Avropanın, Türkiyə və ya İranın deyil, məhz Rusiyanın vasitəçiliyi ilə imzalandı. 1994-cü ilin mayından bu günə qədərki 16 illik atəşkəs dövürünün hadisələri də yalnız Rusiyanın diqtəsi ilə cərəyan edib. Bu fazada edilən təşəbbüslər hər hansı nəticənin əldə olunmasına deyil, Rusiyanın münaqişəyə təsir imkanlarının saxlanılmasına xidmət edib. İstər 1995-ci ilin guya Böyük Sülh sazişinin imzalanacağı ilə bağlı həyacanları, istərsə də Ki-Uest, Rambuye, Praqa prosesi, Madrid görüşləri bu qəbildəndir. Hər dəfə Rusiya müəyyən təklifləri ortaya atır, müzakirələri qızışdırır, yalançı ümidlər yaradır, sonra isə müəyyən bir dövr üçün sakitlik yaranır və hər şey öz axarında davam etdirilir.

Bəzən Rusiyanın həddindən artıq oynaması nəticəsində proseslər bir qədər ciddi xarakter alır, hadisələrin nəzarətdən çıxması təhlükəsi yaranır. Bu halda Rusiya hadisələri öz məcrasına qaytarmaq üçün radikal addımların da atılmasından çəkinmir. Levon Ter-Petrosyanın 1998-ci ildə istefaya göndərilməsi, Ermənistan parlamentindəki 1999-cu il gülləboranı, Ermənistan prezidentinin Rambuye görüşünü bütün diplomatik etiketləri pozaraq tərk etməsi bu cür addımlara misal ola bilər. Moskva atəşkəs fazasından kifayət qədər bəhrələnib. Artıq yeni situasiyanın yaradılmasına, yeni fazaya keçidə ehtiyac yaranıb.

Son dövrdə baş verən hadisələrə Moskvanın yeni fazaya keçmək cəhdləri kimi yanaşmaq olar. Qərbin bir qədər fəallaşması, Türkiyənin regionla bağlı təşəbbüsləri, Azərbaycanda daha tez-tez və ciddi şəkildə müharibə çağırışlarının səsləndirlməsi Rusiyanı bu addımlara məcbur edir. Təsadüfi deyil ki, atəşkəs sazişindən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında ilk sənəd də məhz Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə imzalandı. 2008-ci ilin noyabrında imzalanmış Moskva (Mayndorf) bəyannaməsi, 2009-2010-cu illərdə Kremlin birbaşa təşəbbüsü ilə baş tutan təmaslar, xüsusi ilə də Soçi görüşü hadisələrin yeni fazaya daxil olduğunun göstəriciləridir. Rusiya bu fazada Qarabağ üstü və ətrafındakı vəziyyətə bir qədər əl gəzdirmək niyyətindədir. Rusiyanın planını yarımçıq həll variantı kimi səciyyələndirmək olar. Münaqişənin həlli istiqamətində müəyyən yarımçıq addımlar atılır və bu yarımçıqlıq vəziyyətin Rusiyanın nəzarətində qalmasını təmin edir, hətta onun təsir imkanlarını daha da artırır. Bu hal yarımçıq həll variantının təbiətindən irəli gəlir. Ortada olan plana görə Azərbaycan və Ermənistan prezidentləri arasında yazılı və yaxud şifahi razılaşma əldə olunduğu elan edilir. Rusiya üçün bu razılaşmanın real əldə olunması deyil, bu razılaşmanın elan olunması vacibdir. Əldə olunacaq bu razılaşmaya görə, məsələn, Azərbaycan Dağlıq Qarabağdakı qondarma rejimə müvəqqəti status verəcəyini, referendumun isə keçirilməsinə etiraz etmədiyini bildirir, Ermənistan isə Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılmasına söz verir. Bu razılaşmanın əldə olunması ilə Rusiyanın nəzarəti altında yeni situasiya yaranır, hadisələr yeni fazaya daxil olur. Bu razılaşmanın necə və nə vaxt reallaşdırılacağı isə heç kəsi maraqlandırmayacaq, hamı üçün əsas o olacaqdır ki, yeni müzakirələr, görüşlər, səylər, ən əsası isə aldadıcı ümidlər üçün geniş meydan açılacaq. Reallıqda isə Ermənistan verdiyi sözü yerinə yetriməmək üçün kifayət qədər arqumentlər tapacaq, vaxt uzanacaq, Azərbaycanın torpaqları işğal altında qalmaqda davam edəcək. Bu yeni fazada da uduzan yenə də Azərbaycan olacaq. Yeni situasiya münaqişənin həllində ciddi irəliləyiş kimi təqdim olunacaq və regionda yeni proseslər başlayacaq. Türkiyə sərhədləri açacaq və Ermənistanla münasibətlərə mane olan digər əngəlləri aradan qaldıracaq. Qərb Türkiyə vasitəsi ilə Ermənistanın inkişafına ciddi dəstək verəcək. Ermənistan bu şəraitdə kifayət qədər güclənəcək, Qarabağ məsələsində daha barışmaz tərəfə çevriləcək. Rusiya məsələnin hələ də yarımçıq və yarımcan vəziyyətdə qalmasından yararlanacaq, münaqişə üzərində, həmçinin Ermənistan üzərində təsir imkanlarını tam qoruyub saxlayacaq. Rusiyanın iddialarına qarşı dayanacağı ilə bağlı ABŞ-a, Qərbə bağlanan ümidlər özünü doğrultmadı. ABŞ başqa sahələrdə Rusiyadan aldığı güzəştlərin müqabilində Qarabağdan geri çəkildi. Həm də Qarabağ məsələsinin bu şəkildə yarımçıq və Ermənistanın maraqlarına uyğun olaraq həll edilməsi Qərbi təmin edir. Bu yeni fazanın bir neçə 5, hətta bir neçə on il davam edəcəyi ehtimalı böyükdür. Buna inamayanların nəzərinə çatdırmalıyam ki, atəşkəs fazasının da bir neçə beş il davam edəcəyini heç kəs güman etmirdi. Belə görünür ki, yeni fazanın başlanması qaçılmazdır. Bu fazanın hansı məzmunu alacağı isə bizdən asılıdır. Azərbaycan müşahidəçi mövqeyində qalacaqsa, Rusiya bu məzmunu öz istəklərinə uyğun formalaşdıracaq. Ona görə də Azərbaycan təşəbbüsü ələ almalı, yeni mərhələni müharibə fazasına çevirməli, müharibəni başlamalıdır. Qarabağı qaytarmağın yeganə yolu müharibədən keçir. Bu, artıq şüar deyil, reallıqların tələb etdiyi yeganə çıxış yoludur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar