Qara transplantasiya ilə məşğul olmuş şəxslərin məhkəməsi başlayıb
03 Noyabr 2011 Cümə Axşamı 18:40
Bu gün Kiyevin Obolonsk məhkəməsində “Qara transplantasiya” işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


APA-nın “Seqondnya” qəzetinə istinadən yaydığı məlumata görə, hakim İrina Mamontova məhkəmənin qapalı keçirilməsi barədə qərar qəbul edib.
Vəkil M. Samburun sözlərinə görə, müttəhimlər kürsüsündə Şalimov adına institutun aparıcı cərrahı Vladislav Zakordoneç, həmin xəstəxananın iki anestezioloq həkimi, İsrail vətəndaşı və iki ukraynalı əyləşiblər. Bundan başqa üç xarici vətəndaş axtarışdadır. Onların arasında Bakıda transplantasiyaların keçirildiyi “Abu Klinika”nın rəhbəri Dİlarə İsmayılova da var. Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin olunub.
Qeyd edək ki, “Qara transplantasiya” işi üzrə 25 zərərçəkən var. Ümumilikdə iş üzrə 6 nəfər istintaqa cəlb olunub, onlardan üçü həkimdir. İstintaqa cəlb olunan şəxslərin hamısı həbs olunub.

Həkimlər təkcə insan orqanlarının transplantasiyası ilə bağlı qeyri-qanuni cərrahiyyə əməliyyatları aparmaqda ittiham olunmurlar, onlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürülüb. Bu qruplaşmanın rəhbəri tibbi təhsili olmayan İsrail vətəndaşıdır.

Həkimlər 25 qeyri-qanuni cərrahiyyə əməliyyatının 15-ni Azərbaycanda, qalanlarını isə Ekvador və Kosovoda keçiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar