Qara kürü məsələsi sonuncu dəfə müzakirə ediləcək
10 Dekabr 2009 Cümə Axşamı 14:15
Beş Xəzəryanı ölkənin təmsilçiləri yenidən Tehranda toplaşacaqlar. Qara kürü məsələsi sonuncu dəfə müzakirə ediləcək.
Beş Xəzəryanı ölkənin balıq təşkilatlarının təmsilçiləri yenidən 20-25 dekabrda İranın paytaxtı Tehranda 2009-2010-cu illər üçün qara kürünün ixrac kvotasını razılaşdırmaq üçün toplaşacaqlar.

Bu məsələ üzrə tərəflərin mövqeyi tamamilə ziddir və Xəzərin Su Bioresursları üzrə Komissiyanın növbəti 31-ci Tehran iclası 1992-ci ilin dekabrında yaradılan bu qurumun tarixində sonuncu ola bilər. Başqa sözlə, prinsipial məsələlər üzrə konsensus əldə edilməsə, komissiya buraxıla bilər.

İclasın gündəliyində nərə balığı növlərinin ovlanması və onların məhsullarının ixracı üzrə kvotanın müəyyən edilməsi məsələsi durur. Bütün Xəzəryanı ölkələr üçün vahid nərə balığı ovu metodunun müəyyən edilməsi də müzakirə predmeti olacaq. Bu məsələ üzrə İran aparıcı ixracatçı kimi qalan 4 ölkənin fikri ilə razılaşmır. Çünki vahid metodika qəbul edilsə, o, nərə balığı ovu və kürü ixracını ciddi şəkildə azaltmalıdır. İclasda həmçinin işçi qaydada tərəflərin balıqartırma, balıq mühafizəsi və elmi fəaliyyət barədə hesabatları da dinləniləcək.

Qeyd edək ki, Su Bioresursları üzrə Komissiyanın 30-cu Tehran iclası bu ilin 15-16 iyulunda Tehranda olmuşdu. Orada Xəzəryanı ölkələrin 2009-cu ildə nərə balığı ovu kvotası təsdiqlənib. Kvotalar faktiki olaraq 2008-ci il səviyyəsində saxlanılıb. Gələn il ixracın əleyhinə çıxan Rusiyanın mövqeyi üzündən ixrac kvotaları təsdiq üçün CITES (Nadir Vəhşi Heyvan və Bitki Növlərinin Beynəlxalq Ticarəti barədə BMT Konvensiyası) Katibliyinə göndərilməmişdi. Ona görə Azərbaycan 2009-cu ildə 84 ton nərə ovu kvotasından istifadə etmədi. Məsələ burasındadır ki, Azərbaycan balıq şirkətləri (Xəzərbalıq və Caspian Fish co. Azerbaijan) dənizə nərənin kürüsü üçün çıxırlar. Azərbaycana qara kürü üçün ixrac kvotası Komissiya tərəfindən 2009-cu ildə 6360 kq müəyyən edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar