Qanuni oğru Rövşən Lənkəranski məhkəməsi başlayıb
29 Yanvar 2010 Cümə 17:05
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir sıra ağır cinayətlər törətməkdə ittiham olunan, kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan “qanuni oğru” Rövşən Canıyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında məhkəmə baxışı fevralın 2-nə təyin olunub.
Qeyd edək ki, R. Canıyev Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Azərbaycan Daxili İşlər Nazirliyi ağır cinayətlər törətdiyinə görə 1975-ci il təvəllüdlü, “qanuni oğru” Rövşən Canıyev haqqında beynəlxalq axtarış elan edib.
2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı “Rövşən Lənkəranski” həbs olunub.
Şevçenko rayon məhkəməsi Rövşən Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, “qanuni oğru” Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə Rövşən Canıyevin qaçqın statusunu ləğv edib.
Rövşən Canıyev 2009-cu il dekabrın 3-də Ukrayna DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kiyevdə saxlanıb. Onunla birlikdə hazırda Kiyevdə yaşayan, paytaxt restoranlarından birinin sahibi olan Rusiya vətəndaşı və onun üç mühafizəçisi də saxlanıb. Onların üzərindən rezin güllələr üçün nəzərdə tutulmuş “Fort-12P” və “PMR-9” tapançaları və “Vulkan” markalı karabin götürülüb. Bundan başqa maşında aparılan axtarış zamanı daha bir “Fort-12P” tapançası aşkarlanıb.
Rövşən Canıyev 2009-cu il dekabrın 12-də Kiyev-Bakı reysi ilə Azərbaycana gətirilib.
Qeyd edək ki, 2006-cı ilin aprelində “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınan “qanuni oğru” Hikmət Muxtarovun ölümündən sonra “Lənkəranlı Rövşən” bir neçə avtoritetlə birlikdə Moskvadakı Azərbaycan diasporunun gizli biznesinə nəzarət edirmiş. APA
DOSTLARINLA PAYLAŞ: