Əhməd Saniç: “Ən kiçicik bir dini təhsil burda danışıq mövzusu deyil”
“Qafqaz” Universitetinin başına azərbaycanlı bir rektor keçəcək”
“Qafqaz”
Universiteti və universitetin tabe olduğu “Çağ Öyrətim İşlətmələri”
Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə yeni qurum yaradıblar.
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” adlanan həmin quruma şirkətin
bütün təhsil müəssisələri daxil olub. Qeyd edək ki, “Çağ Öyrətim
İşlətmələri” Şirkəti Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə –
1992-ci ildə qurulmuş şirkətdir. Şirkətin təhsil müəssisələri –
Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz
Universiteti öz fəaliyyətləri ilə Azərbaycana indiyədək 530-dan çox
beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıblar.
Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın
nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. “Qafqaz”
Universiteti isə 1993-cü ildə Bakıda qurulmuş ilk və tək xarici
universitet olma özəlliyinə sahibdir. Türkiyə və qabaqcıl Qərb ölkələri
universitetlərinin müasir təhsil proqramlarını, tədris vəsaitlərini
uğurla tətbiq edən “Qafqaz” Universiteti elmi-pedaqoji ictimaiyyətlə
yanaşı, Azərbaycan xalqının və dövlətinin də etimadını qazanıb.
Universitetin rektoru, professor Əhməd Saniclə söhbətimizdə yeni
idarəçilikdən tutmuş son zamanlar baş verən bir sıra ictimai-siyasi
məsələlərə toxunduq.
–
Bir il öncə, 2013-cü ilin martın 1-də Azərbaycan Dövlət Neft Şirkətində
(ARDNŞ/SOCAR) “Çağ Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli Müəssisənin
şirkətin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil
Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə
bəyanat imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti, “Azərbaycan
Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri
Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından isə İdarə
Heyətinin sədri Ənvər Özərən imzalayıblar. Bununla da “Azərbaycan
Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri SOCAR,
“Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olublar.
Qeyd edim ki, birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər və ötən
dövr ərzində “Çağ Öyrətim İşlətmələri” Şirkətinin rəhbərliyində hər
hansı dəyişiklik baş verməyib. Ümid edirəm ki, bu birlik nəticəsində
təhsildə daha güclü, daha keyfiyyətli nəticələr əldə edəcəyik.
–
Amma nədənsə belə bir şirkətin qurulması, “Çağ Öyrətim İşlətmələri”
Şirkətinin bütün təhsil müəssisələrinin “Azərbaycan Beynəlxalq Təhsil
Mərkəzi”nin, daha doğrusu SOCAR-ın tabeliyinə keçməsi barədə məlumat
yeni açıqlanıb...
–
Xeyr. İmzalanma mərasimi keçiriləndən dərhal sonra mətbuata bu barədə məlumat verilmişdi. Fəqət, insanlar bunu başa düşə bilmədilər. Yəni,
“bu nədir” deyə suallar verdilər. İndi yeni-yeni meyvələr verilməyə
başladığı üçün insanlar bu dəyişikliyi görməyə başladılar.
–
Etiraf etməliyik ki, insanlar yenə də bunu başa düşə bilmirlər. Bu,
addım kimlərinsə “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təsisçiliyindən
imtina etmələri ilə bağlıdırmı?
–
Xeyr. “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təsisçiliyindən hər hansı
bir imtina baş verməyib. Eyni qayda ilə davam edirik. Amma artıq bir
məsələ var. Artıq “Çağ Öyrətim İşlətmələri” Şirkətinin təhsil
müəssisələrinin təsisçilik haqqına sahib olan “Çağ Öyrətim İşlətmələri”
Şirkəti deyil, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”dir. Yəni,
dəyişiklik bundan ibarətdir. Bu dəyişikliyi “Çağ Öyrətim İşlətmələri
Şirkəti”nin və onun təhsil müəssisələrinin daha geniş bir çətir altına
girməsi, daha geniş imkanlar əldə etməsi kimi də dəyərləndirmək olar.
Çünki “Çağ Öyrətim İşlətmələri Şirkəti” əvvəlkitək investisiya qoymaqla
bahəm, artıq SOCAR da bu təhsil müəssisələrinə investisiyalar yatıracaq.
Yəni, “bir əlin nəyi var, iki əlin səsi var” məsəlində deyildiyi kimi
təhsil müəssisələrimiz daha da inkişaf edəcək, genişlənəcək. “Çağ
Öyrətim Şirkəti” qurularkən ilk gündən zatən Azərbaycan xalqı üçün
qurulmuşdu. Zatən bir Azərbaycan şirkəti idi, Azərbaycan məktəbləri idi.
Bizim istər universitetimiz, istərsə də məktəblərimiz Azərbaycanın
“Təhsil haqqında” qanunu əsasında idarə olunurdu. Bu gün isə “Çağ
Öyrətim İşlətmələri” tam mənası ilə Azərbaycan şirkətinə çevrilib. Artıq
çatıda bir türkiyəli deyil, Azərbaycan şirkəti SOCAR var. Düşünürəm ki,
bu şəkildə daha böyük işlər görülə, daha keyfiyyətli, daha çox
məktəblər açıla bilər. SOCAR-ın buradakı əsas məqsədi Avropa təhsilini
ölkədə daha yayğın hala gətirə bilməkdir. İstər “Qafqaz” Universiteti,
istərsə də məktəblərimiz zatən illərdir bu işi görür, görməkdədir. Çünki
insanın ən böyük sərhədi dildir. Bu uşaqların dil baryeri olmur.
Amerikaya, Avropaya və ya Türkiyəyə oxumağa gedirlər, ondan sonra gəlib
ölkələrinə xidmət edirlər. Dəyişikliklə bu cür gənclərin sayının
artacağını düşünürəm.
–
“Çağ Öyrətim İşlətmələri” Şirkətinin təhsil müəssisələrinin çox
keyfiyyətli təhsil verdiyini hamı etiraf edir. Amma bu təhsil
müəssisələrində dini təmayülün də olduğu zaman-zaman söylənilir. Hətta,
bəzən iddia olunur ki, ibadətlə məşğul olanlara olmayanlarla müqayisədə
daha çox üstünlük verilir...
–
Bizim universitetimizlə Bakı Dövlət Universitetinin, yaxud Neft
Akademiyasının mənəviyyat baxımndan heç bir fərqi yoxdur. Yəni, dünyəvi
bir universitetdir. Bizim fərqimiz bəlkə də budur; biz hər bir tələbə
ilə dönə-dönə məşğul olaraq onların xaricdə oxumaları, yaxud daha yüksək
bilik sahibi olmalarını təmin edirik. Bundan əlavə mən müxtəlif düşüncə
sahibi olan hər kəsi universitetimizə dəvət edirəm. Hər bir tələbə ilə,
hər zaman görüşə bilərlər. Sizi də dəvət edirəm. Gəlin, görün, danışın,
araşdırın. Bütün imkanlarımı açıram. Bu sualları mənim tələbələrimə də
verə bilərsiniz. Çünki mən özümdən, universitetimdən, verdiyim təhsildən
əminəm. Eyni zamanda bizdə kamera sistemləri var. Yəni, ən kiçicik bir
dini təhsil burda danışıq mövzusu deyil.
–
Mətbuatda bəzi azərbaycanlı millət vəkillərinin “Nur” camaatına
bağlılığına dair yazılar dərc olunub. Həmçinin “Çağ Öyrətim İşlətmələri”
Şirkətinin rəhbəri Ənvər Özərənin camaatın liderinə göndərmiş olduğu
məktub yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?
–
Bunların hamısı gerçəyə söykənməyən məsələlərdir. Biz bunları qətiyyən
qəbul etmirik. Doğrudur, hoca əfəndi bu məktəblərin qurulmasını təşviq
edib. Amma hoca əfəndi burda yoxdur. Heç bir zaman qarışmaz. Hətta, mən
bura gəldiyim zaman ilk olaraq mənə iki şey tövsiyə etdilər. Birincisi,
Türkiyədən nə istəyirlərsə istəsinlər, o sizi ilgiləndirməz.
Etməyəcəksən. İkincisi də Azərbaycanın siyasəti sənin siyasətin olacaq.
Sənin sözünü eşidəcəyin bir şəxs olacaq. O da əvvəllər “Çağ Öyrətim
İşlətmələri” Şirkətinin rəhbəri, indi isə “Azərbaycan Beynəlxalq Təhsil
Mərkəzi”nin təsisçilərindən biri Ənvər Özərəndir. Yəni, onunla danış,
məsələləri onunla müzakirə et. Məsələ, Türkiyədən heç bir zaman “mən bu
pulu ödəyirəm, sən bu kimi işləri gör” demədilər. Baxın, mən pulu
ödəyənləri də tanımıram. Vaxtilə bu məktəblər açıldı, avadanlıqlar
alındı. Mən heç birini tanımıram. Bu insanlar Azərbaycanı, türk
dünyasını, bütün dünyanı, insanları çox sevdikləri üçün fədakarlıq
edirlər. Yəni, bu insanlar çox yaxşı şəraitdə, lüks içində yaşaya
bilərlər. Amma lüks içində yaşamadılar. Onun yerinə orta səviyyədə
yaşayaraq əlavə gəlirlərini bu cür qurumlara verdilər. Və Türkiyədə də
biz bunu bilmirik. Məsələn, tələbələr təqaüd alır, amma kimin təqaüdünü
aldığını bilmirlər. Gedib bankdan çıxarar, o təqaüdü hesaba kimin
yatırdığı da bəlli olmaz. Çünki biz hər hansı öyrəncimizin boynunun
bükük olmasını istəmirik. Doğrudur, insanlar xeyirli işlər görərlər.
Bizim bir adətimiz var; sağ əlin verdiyini sol əl duymaz. Tələbələrin
getdikləri ölkələrdə uğurlar əldə etmələri mənə ən böyük mükafatdır.
Məsələn, ötən gün yeni bir xəbər aldım. Mənim məzunumun yazdığı kitab
Amerikada çap edilir. Bu mənim üçün bütün yorğunluğumu aparacaq bir
xəbərdir. Bu mənada bunlar hamısı yalandır. Bundan öncə də eyni xəbərlər
yayılıb və onlar da yalan olub. Bu cür xəbərlərin yayılması
qısqanclıqdan da, bilgisizlikdən də, sair səbəblərdən də ola bilər.
Bunların qətiyyən diqqətə alınmamasını düşünürəm. Əgər bir dəlil
istəyirsənizsə, gəlin “Qafqaz” Universitetinin bir ucundan girin, digər
ucundan çıxın. İstədiyiniz tələbəyə, istədiyiniz müəllimə istədiyiniz
sualı verin. Mənim söylədiklərimdən əlavə bircə fərq də görə
bilməyəcəksiniz.
–
Əhməd bəy, “Çağ Öyrətim İşlətmələri”nin təhsil müəssisələrinin
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin tabeçiliyinə verilməsi
Türkiyədə camaatla hökumət arasında münasibətlərin pisləşməsi ilə bağlı
ola bilərmi?
–
Yox, yox. Bu tamamilə SOCAR-ın qərarıdır və prezidentimizin razılığı
ilə olan bir işdir. Bilirsiniz ki, SOCAR artıq Azərbaycan şirkəti deyil,
qlobal bir şirkətdir və böyük işçi qüvvəsinə ehtiyacı var. O zaman nə
etməlidir? Xaricdən işçi gətirməsi ona baha başa gələcək. Ona görə də
SOCAR öz ölkəsinin insanını yetişdirməyi əsas götürür. Yəni, qeyri-adi,
fərqli, pis bir niyyət yoxdur. Prezidentimiz deyir ki, bu insanlar
çalışmağa davam etsinlər, daha gözəl insanlar yetişdirsinlər, sizlər də
dəstək olun. Bu qayda ilə işimizə davam edəcəyik. Bizim tərəfdən də
yardımlar davam edəcək, tədris binaları inşa olunacaq, avadanlıq
alınacaq.
–
Yeri gəlmişkən, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” yaradıldıqdan
sonra yeni təhsil müəssisələrinin açılması nəzərdə tutulubmu?
–
Bu artıq bizim məsələmiz deyil, SOCAR-ın məsələsidir. Bizim işimiz
əlimizdəki imkanlara müvafiq olaraq ən yaxşı nəticələri əldə etməkdir.
Nəzəri cəhətdən deyə bilərik ki, dövlətimiz çoxlu təhsil müəssisələrinin
açılmasına qərar verə bilər. Bunu dəqiq deyə bilmərəm. Onsuz da bizim
personalımızın 87 faizi azərbaycanlıdır. Hətta bu il azərbaycanlı
personalın 90 faiz olduğunu düşünürəm. Builki faiz nisbətini
hesablamadım. Çünki gün keçdikcə, azərbaycanlıların faizi artır. Yəni,
biz burda bəlkə də başda görünürük. Amma əsas işləri görən personalımız
və öyrənmə fürsəti əldə edən azərbaycanlıdır. Qazanan da
azərbaycanlılardır. Məsələn, bu gün “Qafqaz” Universitetinin prorektor
və dekanlarının 2/3-i azərbaycanlıdır. Kafedra müdirlərimizin biri
istisna olmaqla, digərləri hamısı azərbaycanlıdır. Bəlli bir sürəcdən
sonra bizim burda işimiz azalacaq. “Qafqaz” Universitetinin başına
azərbaycanlı bir rektor keçəcək. Bütün bunlar olacaq.
– Bu nə vaxt baş verəcək?
–
Onu mən bilmərəm. Yəni, bişdikcə onun nə olduğunu görəcəyik. Önəmli
olan keyfiyyətin düşməməsidir. Keyfiyyət düşməyəcəyi təqdirdə heç bir
problemlə qarşılaşmazsınız. Baxın, BP şirkəti universitetimizdə kimya,
mexanika mühəndisliyi laboratoriyası açdı. İndi də inşaat mühəndisliyi
üçün çalışmalar gedir. BP bu qədər universiteti qoyub niyə “Qafqaz”ı
məsləhət bilir? Mənim BP ilə nə qədər yaxınlığım var? İnsan işlədiyi
zaman onu görürlər, dəyərini verirlər. SOCAR keyfiyyətli mütəxəssislərə
ehtiyac hiss etdi və sonda biz də zatən Azərbaycan üçün qurulmuş
müəssisələr olduğu üçün bu təklifi sevə-sevə qəbul etdik.
–
Türkiyə Böyük Millət Məclisi özəl hazırlıq kurslarının bağlanması
haqqında qanun layihəsini qəbul edib. Bu Sizin işinizə hansısa formada
təsir edəcəkmi?
–
Bu Türkiyəni ilgiləndirir, inanın bizi heç ilgiləndirmir. Baxın, biz
Türkiyə barədə danışmağı belə yasaqlamışıq. Çünki bizi ilgiləndirmir.
– Türkiyə barədə danışmağı necə yasaqladığınızı anlamadım...
–
Yəni, biz "Türkiyə etdi, nə edəcək" barədə danışmaq istəmirik.
Türkiyənin nə etdiyi önəmli deyil. Biz Azərbaycanıq. Bizim kurslarla
Türkiyədə olan kursları eyniləşdirməyə çalışırlar. Halbuki, bizimlə
onların heç bir əlaqəsi yoxdur. Hə, o siyasi bir qərardır. Artıq bunun
konstitusiyaya uyğun olub-olmadığı və sair məsələlər daha sonra
araşdırılacaq. O da bizim şirkətin məsələsi deyil, Azərbaycanın məsələsi
heç deyil.
– Dekabrın 17-də qardaş ölkədə korrupsiya və rüşvət əməliyyatından sonra baş nazir bu məsələdə camaatı günahlandırdı...
–
Bulanıqlıq gedincə bizim çox saf olduğumuz ortaya çıxacaq. Bunu qəti
olaraq söyləyirəm. Çünki mən rəhbərlik etdiyim universitetdən nə qədər
əminəmsə, oradakı insanların da eyni ürəklə çalışdığına inanıram.
Bunların hamısı boş şeylərdir və məni maraqlandırmır. Bu gün mən
Azərbaycanda xidmət edirəm. Məni maraqlandıran təkcə budur və Türkiyədə
baş verənlərə bir azərbaycanlı kimi baxıram. Amma Türkiyənin aşağı
düşməsindən təbii ki, üzülürəm. Çünki mən bir Türkiyə vətəndaşıyam. Amma
bizim bu gün tutduğumuz mövqe ilə Türkiyənin mövqeyi lütfən
qarışdırılmasın.
– Türkiyə hazırda aşağı düşmüş durumdadırmı?
– Yəni, Türkiyə Avropa Birliyi kriteriyalarına görə məsafə itirib.
Səxavət HƏMİD