“Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçirilir
02 Dekabr 2009 Çərşənbə 12:25
Milli Məclisdə (MM) “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçirilir.
APA-nın xəbərinə görə, tədbir MM-in, ATƏT-in Bakı Ofisinin, Avropa Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliklərinin təşkilatçılığı ilə baş tutub. Tədbiri MM sədrinin müavini Bahar Muradova açaraq bildirib ki, Azərbaycan Avropa Şurasının qadınlara qarşı zorakılığın dayandırılması barədə kampaniyasına 2006-cı ildə qoşulub. B. Muradova Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericiliklə tənzimləndiyini, Konstitusiyada, Cinayət və Ailə məcəllələrində bu məsələlərin öz əksini tapdığını vurğulayıb: “Bu gün Azərbaycan parlamentinin bu mövzuda dinləmələr keçirməsi məsləyə ciddi önəm verildiyini göstərir”.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek
şuranın qadınlara qarşı zorakılığın dayandırılması kampaniyasına 2002-ci ildə start verdiyini deyib. V. Kotek bildirib ki, kampaniya çərçivəsində müəyyən tədbirlər planı var, o cümlədən qadınlara qarşı zorakılığın qarşısını almaq üçün konvensiya layihəsi hazırlanıb: “Zorakılıq problemi dünyanın hər yerində var. Bunun əksini iddia etmək özünü aldatmaq deməkdir”.

UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard da bildirib ki, qadınlara qarşı zorakılıq hər yerdə var. Nümayəndə deyib ki, bu məsələ 20105-ci ilə kimi araşdırılmalı, və bu sahəyə aid qanunlar qəbul olunmalıdır: “BMT hazırda Azərbaycanda sorğular keçirərək bu sahədə vəziyyəti araşdırır. Azərbaycanda qadınlara qarşı zorakılığın dayandırılması ilə bağlı xüsusi qanun layihəsi hazırlanır. Zorakılığın qarşısının alınması dedikdə müəyyən tədbirlərin həyata keçirilməsi - bu sahəyə aid polisin yaradılması, qanunvericiliyin tam formalaşdırılması, xüsusi proqramların qəbulu nəzərdə tutulur”.

ATƏT-in Bakı Ofisin rəhbəri Əli Bilge Cankorel təmsil etdiyi qurumun bu mövzu ilə yaxından maraqlandığını vurğulayıb: “Qonşu ölkələrdə məişət zorakılığının qarşının alınması barədə qanun olsa da, Azərbaycanda bu qanun qəbul edilməyib. Azərbaycanda bununla bağlı qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu ailələrdə mübahisəyə yol açmayacaq. Bu məsələ dövlətin ailələri qoruması anlamına gəlməlidir. Bahar Muradova mənə deyib ki, Azərbaycanda tezliklə belə bir qanun qəbul olunacaq”.

Daha sonra çıxış edən B. Muradova “qarşıdakı ildə biz bu qanunu hazırlayıb, qəbul etməliyik” deyib.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısını almaq üçün mərkəzlərin fəaliyyət göstərdiyini, zorakılıq qurbanlarına yardım olunduğunu açıqlayıb. H. Hüseynova bu mərkəzlərin fəaliyyətinin koordinasiya edilməsinin vacibliyini də bildirib.

Komitə sədri həmçinin 2008-ci ilin statistikasına istinad edərək deyib ki, Azərbaycanda zorakılığa məruz qalanların 77 faizi qadın və uşaqlar olub. Ötən il həmçinin qadınlara qarşı 6 min 352 cinayət olub, onlardan 3 min 408-i məişət zorakılığıdır.

Tədbirin sonunda Qadınlara qarşı zorakılığın aradan qaldırılması gününün 10 illiyi ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul olunacağı gözlənilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar