Qadınlar üçün ən təhlükəli ölkələr siyahısı
21 İyun 2011 Çərşənbə Axşamı 16:38
Qadınlar üçün ən təhlükəli ölkələr siyahısı. Siyahıya Əfqanıstan başçılıq edir.
Dünyada qadınlar üçün ən təhlükli ölkələrin reytinq siyahısı hazırlanıb. "Fond Thomson – Reuters"in araşdırmalarından sonra vəziyyət daha gərgin olan 5 ölkənin adı açıqlanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 213 beynəlxalq ekspertin rəyi örgənilib. Rəyi soruşulanlar ölkələri təhlükəsizlik dərəcəsi, səhiyyənin vəziyyəti, təhsil, mədəni səviyyə, dini və başqa diskriminasiyalar nöqteyi nəzərindən qiymətləndiriblər.
Nəticədə qadınlar üçün ən təhlükəli ölkələr siyahısının ilk pilləsində Əfqanıstan yer alıb. Beynəlxalq ekspertlərin fikrincə, əfqan qadınları ən çətin şəraitdə yaşayırlar və başqa ölkələrlə müqayisədə onların hüquqları daha çox pozulur.
İlk beşlik belədir:
1. Əfqanıstan - hər 11-ci qadın doğuş vaxtı ölür. Qadınların 87 faizi savadsızdır, 70-80 faiz məcburi və istəmədikləri nigahdadır.
2. Konqo - hər il 400 min qadın seksual zorakılığın qurbanı olur. Hər saatda 48-ə yaxın qadın və ya qız zorlanmaya məruz qalır.
3. Pakistan - hər il minə yaxın qadın "namus cinayəti"nə qurban gedir. Qadınların 90 faizi ailədaxili şiddətə məruz qalır.
4. Hindistan - insan alverinin səviyyəsi yüksəkdir. Ötən əsrdə yeni doğulan uşaqların öldürülməsi və abortlar sayəsində 50 milyona yaxın qız nümayəndəsi məhv edilib. Qızların 44,5 faizi 18 yaşına çatmamış ailə qurur.
5. Somali - qadınların 95 faizi, xüsusilə 4-11 yaş arasında "qadın sünnəti"nə məruz qalır. Yalnız 9 faiz qadın tibb müəssisələrində uşaq dünyaya gətirir. Parlamentdəki yerlərin 7,5 faizi qadınlara məxsusdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: