Qabil Hüseynli: "Ermənistana qulaqburması verilib"
23 Noyabr 2009 Bazar Ertəsi 14:50
"Kəlbəcərin ətrafında söz-söhbətin yaranması səbəbsiz deyil"
Politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü barədə ANS PRESS-ə müsahibəsi:
-Türkiyə mətbuatının məlumatına görə, dünən Münhendə keçirilən görüşdə Ermənistan bu ilin sonuna qədər işğal altında saxladığı Kəlbəcər rayonundan geri çəkilər bilər. Sizcə, bu məlumat nə dərəcədə həqiqətə uyğundur?
Azərbaycan ilk mərhələdə nəinki Kəlbəcəri ümumilikdə Dağlıq Qarabağətrafı 7 rayonun qaytarılmasını istəyir. Amma Kəlbəcər də Azərbaycan üçün strateji əhəmiyyətli bir bölgədir. Ümumiyyətlə, Türkiyə mətbuatının verdiyi xəbərlərə bir az ehtiyatla yanaşmaq lazımdır. Çünki bu məlumat hələ ki, Azərbaycanın rəsmi kanallarında təsdiqini tapmayıb. Və eləcə də həmsədrlər Münhen görüşünün nəticələri ilə bağlı ümumi sözlər söylədilər. Onların dediklərində bu məsələyə rast gəlmədim.
Əlbəttə, Azərbaycan bunu qəbul edə bilər, amma bir şərtlə. Digər rayonlar da geri qaytarılsın. Danışıqların təfərrüatı məlum deyil. Amma Kəlbəcərin ətrafında söz-söhbətin yaranması səbəbsiz deyil. Çünki Azərbaycan bu məsələni çox israrla qaldırdı.
-Sizcə, Kəlbəcərin bu ilin sonuna kimi azad edilməsi Ermənistanın mövqeyində yumşalmanın olması demək deyilmi? Əgər belədirsə, bu nə ilə bağlıdır?
Bu məsələdə ölkə prezidentinin çıxışını önə çəkmək istərdim. Dövlət başçısının çıxışı çox sərrast və parlaq idi. Xüsusən də Goranboy raynunda edilən çıxışı. Prezidentin özünün problem barədə danışması küll halında Azərbaycanın danışıqlardakı mövqeyini çox gözəl və konseptual ifadə etdi. Prezident çıxışı ilə həm Ermənistana, həm onun arxasında duranlara, həm də danışıqlar prosesini aparanlara güclü pisxoloji təsir göstərdi. Amma sözsüz ki, Türkiyənin də son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi və müəyyən addımları nəzərə alınmalıdır.
-Prezident çıxışında bildirmişdi ki, Münhen görüşü də nəticəsiz qalsa, Azərbaycan hərb yolunu seçəcək. Sizcə, bu nöqteyi nəzərdən baxsaq, görüş necə keçib?
Həmsədrlərin bəyanatı və Türkiyə mətbuatında yayılan informasiyalar onu göstərir ki, əvvəlki görüşdən fərqli olaraq Ermənistan bu dəfə özünü təkəbbürlü apara bilməyib. Üstəlik onun qəyyumları ona bir qulaqburması verib.
Danışqların dayandırılmasından isə imtina edilıməyib, iki ölkə xarici işlər nazirlərinin görüşünə razılıq verilməsi bunu sübut edir. Bundan başqa, həmsədrlər bəyanat veriblər ki, danışıqlar həm uğurlu irəliləyişlərlə, həm də mürəkkəb nüanslarla müşayiət olunub. Bütün bunlar onu göstərir ki, danışıqlar dayandırılmayıb və davam edəcək.
-Sabah prezident İlham Əliyev Rusiyaya səfər edəcək. Sizcə, bu səfər nə ilə bağlıdır?
Hər halda Rusiyaya gedirilsə, Moskvadan müəyyən tələblər edilir. Çünki Azərbaycan Rusiyanın istəyini yerinə yeitir, qaz verir, ikili münasibətlərin inkişafına qayğı göstərir. Bunun müqabilində Rusiya Azərbaycana müəyyən vədlər verir. Məsələn, Moskva bəyannaməsini buna misal göstərmək olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: