Dövlət banklarda batan əmanətlərimizi nə vaxt qaytaracaq? Bu sual bu gün bir çox vətəndaşları maraqlandırır. Yaşlı insanları isə bir sual düşündürür: biz öləndən sonra nə olacaq? İllərlə yığdığımız pullar varislərimizə veriləcəkmi?
Sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması ilə bağlı məsələ parlamentdə dəfələrlə qaldırılıb. Amma hələ ki, əmanətçilərə pullar qaytarılmayıb. Prosesin gecikməsi müxtəlif səbəblərlə izah edilir. Rəsmilər ortada bir sıra problemlərin olduğunu deyir. Problemlər isə əsasən əmanətlərin miqdarı, borcluların sayı və qaçqın düşmüş əhalinin sənədləri ilə əlaqələndirilir.
Çoxsaylı saxta əmanət kitabçalarının aşkar edildiyi, onların və sənədləri itmiş əhalinin əmanətlərilə bağlı arxiv materiallarının araşdırılması prosesinin getdiyi söylənilir. «Əmanətlərin qaytarılması haqqında» qanun fikir ayrılıqları olduğundan ləngiyir.
Bunu nəzərə alaraq ANS PRESS ekspertlərə müraciət etdi və yaşlı insanların əmanətlərini almadan dünyalarını dəyişdikləri təqdirdə, onların banklarda illərlə qalan pullarının kimə və necə veriləcəyini öyrənməyə çalışdı.
Millət vəkilləri etiraz edir
İqtisadçı millət vəkili, Milli Məclisin iqtisadi siyasət məsələləri üzrə komitəsinin üzvü Vahid Əhmədov ANS PRESS-ə bildirib ki, hər dəfə dövlət büdcəsi məsələsi parlamentdə müzakirə olunanda, əmanətlərin qaytarılması məsələsi onun tərəfindən gündəmə gətiririb: «Hər dəfə banklarda qalan əmanətlərin əhaliyə qaytarılması məsələsini parlamentdə qaldırmışam. Amma çox təəssüf edirəm ki, hətta parlamentdə olan bir çox millət vəkilləri bu qanuna qarşı etiraz ediblər. Hökumət özü isə müxtəlif arqumentlər gətirərək, banklarda olan əmanətlərin miqdarının çox olduğunu, hökumətin bu məbləği birdən ödəyə bilməyəcəyini səbəb gətirib».
Millət vəkili deyib ki, əmanətlərin 2012-ci ildə qaytarılması xəbərinin haradan alındığı barədə məlumatı yoxdur: «Görünür ki, 2012-ci il məsələsi dünyada gedən maliyyə böhranı ilə bağlı ola bilər. Çünki dünya yalnız 2012-ci ildən sonra tam olaraq maliyyə böhranından çıxa biləcək. Bu, Azərbaycana da böyük təsir göstərəcək. Yalnız maliyyə böhranı bitdikdən sonra əhalinin banklarda olan əmanətlərini qaytarmaq mümkün olacaq».
V.Əhmədov qeyd edib ki, parlamentin növbəti sessiyalarında bu məsələni yenidən gündəmə gətirməyə çalışacaq: «Dünyasını dəyişmiş, amma əmanətini ala bilməmiş insanların əmanətlərinin vərəsəliklə qaytarılması məsələsi də qanunda öz əksini tapacaq».
Siyasi məqsədlər üçün istifadə
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev ANS PRESS-ə bildirib ki, son 4 il ərzində əhalinin banklarda olan əmanətlərinin qaytarılması ilə bağlı Milli Məclisdə xeyli müzakirələr aparılıb. Onun sözlərinə görə, hər dəfə də bu məsələnin büdcə layihəsinə daxil edilməsi bir çox millət vəkilləri tərəfindən tövsiyə olunub: «Düşünürəm ki, siyasi hakimiyyət bu məsələdən sui-istifadə etmək istəyir. Fikir verin, bir müddət əvvəl həmin məsələ prezident seçkiləri ərəfəsində siyasi məqsədlərlə istifadə olundu».
R.Ağayev deyib ki, əslində bu məsələ öz həllini tapa biləcək məsələdir: «Bunun üçün sadəcə siyasi qərar olmalıdır. Qanunun müzakirəyə çıxarılması üçün ölkə başçısının sərəncamı olmalıdır, tədbirlər planı hazırlanmalıdır. Əks halda bu məsələ hələ uzun müddət öz həllini tapmaya bilər».
İqtisadçı-ekspert bildirib ki, o, əhaliyə banklarda olan əmanətlərinin qaytarılmasının tərəfdarıdır. Amma bunun üçün əvvəlcə ciddi inventarizasiya işləri aparılmalıdır, banklarda əmanəti olan insanların sayı, orada qalmış vəsaitin miqdarının nə qədər olduğu aydınlaşdırılmalıdır: «Mən bu məsələdə vərəsəliyin tərəfdarıyam. MDB ölkələri bu yolu artıq keçiblər. Yaxşı olardı ki, Azərbaycanda da bu təcrübədən istifadə etsinlər. Banklarda əmanəti olan insanların pulunun qaytarılması və təbii ki, artıq ömürlərini dəyişmiş insanların əmanətlərinin vərəsəlik hüququnu bərpa etməsi sosial ədalətsizliyin bərpası olardı».
İqtisadçı-ekspert düşünür ki, əhaliyə istənilən səviyyədə pullarının qaytarılması onları mütləq qane edəcək. Çünki vətəndaş özü də düşünəcək ki, onun dövlət tərəfindən sosial haqqı bərpa olunub. «Əsası budur ki, əhalinin pulu qaytarılsın», - deyə o vurğulayıb.
ANSPRESS