Proqnozları doğruldan Astana
02 Dekabr 2010 Cümə Axşamı 15:15
Bu sammit də Azərbaycana ümid vermədi
Artıq ATƏT-in Astana sammiti bitdi və demək olar ki, bir çox azərbaycanlı və xarici ekspertlərin proqnozu özünü doğrultdu. Bu sammit də digər vacib və əhəmiyyətli hesab edilən sammitlər kimi Azərbaycana Dağlıq Qarabağın və onun ətrafında olan 7 rayonun qaytarılmasına dair ümid vermədi.
Əksinə sammit Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinin həqiqətən də dalana dirəndiyini bir daha nümayiş etdirdi. Sammit çərçivəsində Azərbaycan və Ermənisan prezidentləri arasında növbəti görüşün keçirilməsini təşkil etmək üçün regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hətta görüşü təşkil etmək cəhdi də baş tutmadı, o ki qaldı münaqişənin həlli ilə bağlı tərəflər arasında hər hansı razılığın əldə edilməsi...
Əslində bəlkə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in özündə hansısa dəyişiklik emək lazımdır. Hətta Rusiya Prezidenti Dmitri Medvedev sammitdə bəyan etdi ki, regionda təhlükəsizliyi təmin edən təşkilat kimi ATƏT öz potensialını itirməyə başlayıb. Təşkilatın fəaliyyətinin forma və üsulunun dəyişdirilməsi vacibdir. Onun sözlərinə görə, təşkilatın fəaliyyət göstərməsi üçün dəqiq hüquqi baza və hamı üçün universal qaydalar lazımdır.
ATƏT-in özündə hansısa dəyişikliyin edilməsini bu gün ortaya çıxan daha bir fakt da labüd edir. Belə ki, ANS-in müxbiri qoşunların təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələrinə çox sadə bir sualla müraciət edib. ""Qarabağ" sözünün mənası nədir? Nəticədə onlardan biri sözün mənasını bilsə də, digəri ümumiyyətlə məlumatsız olub. O, hətta adın Azərbaycan mənşəli olmasına təəccüblənib.
Ancaq bu gün Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupu ilə danışıqları davam etdirir. Ötən ilə qədər Azərbaycan xalqına danışıqlar prosesinin mahiyyəti ilə bağlı heç bir məlumat verilmirdi və xalq Azərbaycan prezidentinin ölkənin haqlı mövqeyini müdafiə edəcəyinə əmin olsa da, danışıqların mahiyyətinin o qədər də açıqlanmaması Azərbaycanın hansısa önəmli güzəştlərə gedəcəyi ilə bağlı ölkə ictimaiyyəti arasında müəyyən qədər narahatlıq yaradırdı. Ötən il açıqlanan Madrid prinsipləri və daha sonradan yenilənmiş Madrid prinsipləri artıq hamıya məlumdur. Deməli, bu günədək aparılan danışıqlarda mərhum prezident Heydər Əliyev və onun davamçısı olan İlham Əliyev Azərbaycanın haqqını tələb edib və öz mövqelərində qalblar.
Əslində, Madrid prinsipləri bəlkə də münaqişənin həlli üçün ən ideal həll yoludur. Amma Ermənistan tərəfi indiyədək aparılan danışıqların məhsulu olan Madrid prinsiplərini qəti qəbul etmir. Deməli, danışıqlar da dalana dirənir...
Belə bir zamanda bütün dünya Azərbaycanı danışıqları sülh yolu ilə davam etdirməyə çağırır. Ancaq gürcü eskperti Mamuka Areşidzenin fikrincə də, müharibənin başlanmasını heç Rusiya da istəmir.
“Regionda yenidən müharibənin başlanması təlükəsi var, amma mən hesab edirəm ki, irimiqyaslı müharibə olmayacaq. Rusiya müharibənin olmaması üçün hər şey edəcək. Bir tərəfdən Rusiyaya 2008-ci il avqust hadisələrindən sonra reabilitasiya lazımdır, digər tərəfdən Moskva bu regionu özünün təsir sahəsi hesab edir və istənilən münaqişə onun imicinə təsir edəcək”.
Ekspert hesab edir ki, rəsmi Tiflis də Qarabağ müharibəsinin başlamaması üçün əlindən gələni etməlidir. “Gürcüstanda yaşayan erməni və azərbaycanlılar arasında qarşıdurmalar ola bilər. Amma çox böyük ehtimalla demk olar ki, Gürcüstan bu və ya başqa formada münaqişəyə cəlb olunacaq. Ölkənin iqisadi-investisiya mühiti kəskin pisləşəcək. Qaçqınlar yaranacaq”.
Politoloqun fikrincə, müharibənin nəinki şimal qonşumuz Rusiyaya, heç qardaş Türkiyəyə də sərfəli deyil. Bir tərəfdə də münaqişənin olmasını tamamilə istəməyən Qərb var. Amma səbəb tam başqadır. Çünki Qərb Azərbaycanı alternativ enerji mənbəyi kimi görür. Müharibə şəraitində isə bu mənbə öz funksiyası itirə bilər.
“O faktı da nəzərə almaq lazımdır ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsini 3 dəfə ötür və bu ölkənin sakinlərində belə bir sual yaranır ki – biz ölkəmizin ərazi bütövlüyünü bərpa edə bilmiriksə, bu qədər pulu niyə xərcləyirik?”, deyə “Armenia Today” gürcü şərhçisindən sitat gətirir.
Onu da qeyd edək ki, indiyədək heç bir ölkə separatçı Dağlıq Qarabağı tanımayıb və deməli bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda bütün dünya liderləri təkidlə tələb edirlər ki, münaqişə sülh yolu ilə həll edilməlidir. Amma bu sülh yolunun konkret nə olduğu açıqlanmır.
Belə olan təqdirdə Azərbaycanın tarixi torplaqlarını güc yolu ilə azad etməsi bütün yetişmiş münaqişə zonalarında olduğu kim bir qığılcımdan asılı olacaq. Bu qığılcım isə bəlkə də, bu gün Ermənistan pezidentinin Azərbaycanı təhdid etdiyi məsələ olacaq. Yəni Ermənistan parlamentinin separatçı Dağlıq Qarabağ Respublikasını tanıması...
DOSTLARINLA PAYLAŞ: