Prezidentlərin qarşıdakı üçtərəfli görüşü nə vəd edir?
19 Fevral 2011 Şənbə 22:54
Azərbaycanlı ekspertlər mühüm irəliləyişin olacağını gözləmir.
Azərbaycan və Ermənistan prezidentlərinin martın 5-də Rusiyanın vasitəçiliyi ilə Soçidə keçiriləcək növbəti görüşü Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində yeni heç nə vəd etmir. Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov hesab edir ki, son dövrlər tərəflər hərbi ritorikaya daha çox üstünlük verir və proseslərin hərbi müstəviyə keçməsi müşahidə olunur.
Təlimlər keçirildiyini, atəşkəsin davam etdiyini, tərəflərin silahlandığını qeyd edən Rasim Musabəyov bildirib ki, bunlar hamısı məsələnin hərbi müstəviyə keçməsini artdığını göstərir: “Bunu artıq Beynəlxalq Böhran Qrupu da öz hesabatında göstərib. Ancaq bu ehtimallar artdıqca sülhə yönəlmiş səylər də artmalıdır ki, heç kəsin əslində istəmədiyi hərbi toqquşma baş verməsin”.
Amma ekspertin fikrincə, ermənilər həm Rusiya, həm də Qərbdən aldıqları ənənəvi dəstəyi getdikcə itirir və baş verən son kriminal qalmaqallar da Ermənistandakı hazırkı hakim rejmi danışıqlarda tutduğu destruktiv mövqeyindən çəkilməyə məcbur edə bilər: “Amerika və eləcə də Rusiyada baş verən kriminal qalmaqallarda iştirak edən qruplar bu rejmin oğurluq pulları ilə qidalanırdılar. Bütün bunlar onların digər dövlətlərdən də yardım almaq imkanlarını daraldır”.
Son dövrlər Ermənistana təsir rıçaqlarına malik olan Rusiyanın danışıqlar prosesində daha fəal iştirak etdiyini deyən Milli Məclisin vitse-spikeri Bahar Muradova da bu ölkənin vasitəçilyi ilə baş tutacaq görüş zamanı Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda sıçrayışın olacağını gözləmir.
“Görüşməməkdənsə görüşmək yaxşıdır. Amma prezidentlərindən görüşündən acı təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, əlahiddə bir şey gözləmirik”,- deyə vitse-spikeri Bahar Muradova əlavə edib.
Amma istənilən halda Bahar Muradova belə hesab edir ki, danışıqlar sülhə doğru Azərbaycan tərəfinin cəhdlərinin dayanmadığını da göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: